Türkiyənin gələcəyinə təhlükə yoxdur - Etibar Məmmədov

19:28 04.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə Türkiyədəki son bələdiyyə seçkilərində müxalifətin qələbəsi, aprelin 5-də Brüsseldə gözlənilən Avropa Birliyi və ABŞ nümayəndələrinin Ermənistanın baş naziri N.Paşinyanla üçtərəfli görüşü,  son günlər Ermənistan ordusunun Naxçıvan istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını, guya Amerikanın təşkil etməsi haqqında iddialar, ABŞ-nin son vaxtlar Ukraynaya genişmiqyaslı maliyyə dəstəyinin düyünə düşdüyü bir vaxtda Rusiyanın qəti qələbə çalacağı halda digər postsovet ölkələri, o cümlədən də Azərbaycanın gələcək taleyi və s. mövzuları müzakirə etməyə çalışdıq.

– Türkiyədəki son bələdiyyə seçkilərində müxalifətin qələbəsini necə dəyərləndirirsiniz?

– Türkiyədə müxalifətin yerli seçkilərdə qələbəsi gözlənilən bir şey idi. AKP-nin bu 20 illik hakimiyyəti artıq böhran mərhələsinə keçirdi. Yəni 2000-ci illərin əvvəlindəki komandadan, demək olar ki, heç kim qalmamışdı. Yenilər isə əvvəlki siyasətin davamını apara bilmədilər. Xüsusən iqtisadi sahədə... İqtisadi böhran, demək olar ki, hər şeyi həll etdi. Yəni xalqın iqtisadi vəziyyəti, sosial durumunun ağırlaşması siyasi proseslərə də birbaşa təsir göstərdi. Ona görə də xalq hakimiyyətin dəyişməsini, yenilənməsini lazım bildi...

– CHP başda olmaqla, Türkiyə müxalifəti vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsinə nail ola bilərmi?

– Buna çətin nail ola bilərlər. Son qərarı parlament verir və parlament çoxluğu hazırda hakim AKP-nin əlindədir. Prezident seçkilərinin isə vaxtından əvvəl keçirilməsinin heç bir qanuni və məntiqi əsası yoxdur. Növbədənkənar prezident seçkiləri o zaman baş tutardı ki, parlament seçkiləri keçirilə, müxalifət çoxluq əldə edə və prezidentin işləməsi çətinləşərdi. İndiki durumda belə bir perspektiv görünmür. Bununla belə, Türkiyənin iri şəhərlərinin cümhuriyyətçilərin idarəçiliyinə keçməsinin özü hakim partiyaya böyük zərbədir...

Ümumi nəticə ondan ibarət oldu ki, əməklilər, yəni pensiyaçılar Ərdoğanın məğlubiyyətinə səbəb oldular. Onların aldığı təqaüdlərin miqdarı aşağı səviyyəsində idi. Əməklilər də seçkilərdə səs verənlərin böyük bir hissəsini təşkil edirdi...

– Müxalifətin bu qələbəsi Türkiyənin gələcəyi üçün nələr vəd edir?

– Bu seçkilər bir daha göstərdi ki, Türkiyə demokratik dövlətdir və  ölkədə seçkilər azad keçirilir.  Pozuntular nə qədər olsa da, bu, ümumi nəticəyə təsir göstərmir, xalqın iradəsi özünü nümayiş etdirərək ortalıqda rəsmiləşə bilir.  Bu, Türkiyənin bütün dünyada, xüsusən də müsəlman ölkələri arasında göstərdiyi böyük bir nümunədir. Bu mənada da Türkiyənin gələcəyinə heç bir təhlükə yoxdur...

– Ərdoğanın AKP liderliyində varisi kimi bir çox şərhçilər hazırkı xarici işlər naziri, keçmiş MİT rəhbəri Hakan Fidanı görür. Siz necə düşünürsünüz?

– Bunu hələ demək mümkün deyil.  Son ana qədər AKP liderliyinə varisin kim olacağı bilinməyəcək. Kim olur-olsun, Ərdoğan səviyyəsində onu əvəz edə bilməyəcək. Ümumiyyətlə, bu seçkilər də, bundan öncəkilər də göstərdi ki, son illər Ərdoğanın kadr seçimi çox zəif oldu. O, hakimiyyətə partiyasındakı köhnə qvardiya ilə gəlmişdi. Həmin kadrların hamısı yetişmiş, sanballı siyasətçilər idi. Onlar bir müddət ölkəni idarə etdilər. Onların ardınca gələn kadrlar vəzifələrdə çalışdıqdan bir müddət sonra məlum oldu ki, əksəriyyəti uğursuzdur. Ərdoğan özü lider olsa da, böyük nəticələr əldə etsə də, hakimiyyətdə irəli sürdüyü kadrların uğursuzluğu göz qabağındadır...

– Aprelin  5-də Brüsseldə gözlənilən Avropa Birliyi və ABŞ nümayəndələrinin Ermənistanın baş naziri N.Paşinyanla üçtərəfli görüşü doğrudanmı Azərbaycanın milli maraqları üçün problem yaradır?

– Qərb dairələri onsuz da son vaxtlar Azərbaycan üçün problemlər yaradırlar və buna davam edirlər. Avropa Şurası Parlament Assambleyasının qərarları, eyni zamanda Avropanın ayrı-ayrı ölkə rəhbərliklərinin ölkəmiz əleyhinə bəyanatları, ümumilikdə bizə qarşı təzyiq siyasəti -  bütün bunlar əlbəttə ki, Azərbaycan üçün təhlükə yaradır...

O da var ki, Azərbaycanın mövqeyi haqlı olsa da, ancaq hələlik biz həmin mövqeyimizi dünya və ayrıca Avropa səviyyəsindəki ictimai rəyə yeridə bilməmişik. Təəssüf ki, bu sahədə üstünlük hələ də ermənilərin tərəfindədir. Yəni onlar öz yalan və saxtakarlıqlarını dünya ictimaiyyətinə qəbul etdirməyi bacarırlar. Avropa qurumlarının bir sıra bəyanatlarından da gördük ki, ermənilər absurd məsələləri real durum kimi qəbul etdirib Azərbaycanı ittiham edə bilirlər. Ona görə də Azərbaycanın xarici siyasət məmurları öz işlərini fəallaşdırmalıdırlar. Hesab edirəm ki, onların işləri qənaətbəxş deyil. Yəni birdən-birə Avropa qurumları qərarlar qəbul edən zaman Azərbaycanın mövqeyini müdafiə edən tapılmır. Bu da həmin sahədə xarici siyasət işinin ya olmamasının, ya da çox zəif olmasının nəticəsidir...

– Necə hesab edirsiniz, Qərb, Avropa, ABŞ Ermənistandan əlini çəksə və bölgədə əsas kənar güc kimi yalnız Rusiya qalsa, Kremlin və onun dəstəkçilərinin qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasındakı problemlər həllini tapacaq və aralarında sülh müqaviləsi imzalanacaqmı?

– Azərbaycanla Ermənistan təkbətək qalsalar, bir çox məsələlər həllini tapar...

– Təkbətək yox, yenə də Rusiyanın təsir dairəsində...

– Hələ ki Rusiyanın mövqeyi Azərbaycanın əleyhinə deyil... Kremlin mövqeyi istənilən zaman yenidən bizim əleyhimizə dönə bilər. Necə ki, tarixboyu həmişə əleyhimizə olub. Ermənilər isə alət kimi istifadə edilmək üçün həmişə hazır olublar. Ona görə də Rusiya ilə onların mövqeləri yenidən uyğunlaşa bilər. Bugünkü vəziyyətdə Azərbaycanın xarici siyasətinin qarşısında duran vəzifə yeni müttəfiqliklər əldə etməkdən ibarətdir. Yəni yalnız Türkiyənin müttəfiqliyi ilə biz çox uzağa gedə bilmərik. Azərbaycanın mövqeyini  müdafiə edən digər müttəfiqlərimiz də olmalıdır.  Eyni zamanda təkcə ölkəmizin enerji resurslarına arxayınlaşmaq və Avropa ölkələrinin bizdən asılılığını əsas götürərək digər istiqamətlərdə fəaliyyətsiz dayanmaq ağır nəticələrə gətirib çıxara bilər. Konkret ABŞ-yə gəldikdə, hələlik Ağ Evin başı qarşıdakı prezident seçkilərinə qarışıb, ona görə də Cənubi Qafqazla bağlı ciddi təsiredici fəaliyyət göstərə bilməz. Gələcəkdə, qısa müddətdən sonra öz fəaliyyətini gücləndirə bilər. Odur ki, bütün bu təhlükələrin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir...

– Qərbin bölgəyə təsiri olmadığı halda, Rusiya İrəvanda Paşinyan hakimiyyətinin devrilməsinə nail olacaq və yenə də özünə sadiq Köçəryan, Sərkisyan tipli revanşistlərin hakimiyyətini bərpa edəcək. O halda Ermənistan Moskvanın dəstəyi ilə yenə də Qarabağla bağlı iddialarını irəli sürəcək və nəticədə bir müddət sonra Azərbaycanla yeni genişmiqyaslı savaş başlayacaq. Siz necə düşünürsünüz?

– Bütün variantlarda Azərbaycan hərbi üstünlüyünü təmin edib, sərhədlərini yüksək səviyyədə möhkəmləndirib və müdafiə sistemini qurub. Bu, böyük bir nəticədir. Ermənistanın yenidən toparlanması, öz ordusunu Azərbaycana hücum səviyyəsində hazırlaması üçün hələ illərlə vaxt lazımdır. Təxribatlar üçün həmişə imkan var  və hər bir təxribat da nəticədə Azərbaycana qarşı ittihamlara gətirib çıxarır. Bunu həmişə nəzərə almaq lazımdır... 

– Söhbət ondan gedir ki, İrəvanda Moskvanın dəstəyi ilə revanşist qüvvələr hakimiyyətə gətirilsə, sözsüz ki, onlar yenidən Qarabağ iddiası ilə çıxış edəcək və yeni işğallar üçün cəhdlər göstərəcəklər.  Rusiya da yeri gələndə Azərbaycana təzyiqlər göstərmək üçün onlardan istifadə edəcək...

– Onlar belə iddialarla çıxış edəcək və cəhdlər göstərəcəklər. Bunu həmişə ediblər, bundan sonra da edəcəklər. Nə qədər ki, üstünlük bizdədir, hansısa rəsmi sənədlərin imzalanmasına nail olmalıyıq.

– Bəzi ekspertlər iddia edir ki, son günlər Naxçıvan istiqamətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını Amerika təşkil edib. Belə bir şey mümkündürmü?

– Ermənistan heç vaxt özü heç nə etmir, kimsə nəyisə onun üçün təşkil edir. İstər Amerika, istər Fransa, istərsə də Rusiya olsun. Mümkündür, hər şey ola bilər...

– Amerikadan söz düşmüşkən, ABŞ-nin  son vaxtlar Ukraynaya genişmiqyaslı maliyyə dəstəyi düyünə düşüb və Ukraynanın həm hərbi, həm də siyasi rəhbərliyi açıq şəkildə bildirir ki, ciddi yardım bərpa olunmazsa, Rusiyanın savaşda qalib gəlmək ehtimalı çox böyükdür. Əgər belə olarsa, yəni Rusiya Ukraynanı tam şəkildə məğlub edib ələ keçirərsə, digər postsovet ölkələrinin, o cümlədən Azərbaycanın taleyi necə olacaq?

– Əvvəla, bizim taleyimiz başqalarından asılı olmamalıdır, öncə özümüzdən asılı olmalıdır. Ukraynaya yardım da hazırda düyünə düşsə də, yaxın vaxtlarda bərpa olunacaq. Həmin yardım bərpa olunandan sonra müharibənin xarakteri daha da dəyişəcək. Frontal müharibə Rusiya üçün ən əlverişli bir vasitədir. Bu ölkə tarixboyu bütün savaşlarında canlı qüvvənin çoxluğu və həmin qüvvənin kütləvi itkilərini nəzərə almadan insan resurslarını döyüşlərə buraxmaq hesabına çox vaxt planlarına həyata keçirə biliblər. Hazırda Ukrayna cəbhəsində Rusiya ordusunun elə böyük bir irəliləyişi yoxdur. Eyni zamanda müharibənin xarakteri dəyişməkdədir. Ukrayna, artıq uzaq məsafələrə uça bilən pilotsuz uçuş aparatlarıyla Rusiyanın dərinliklərində yerləşən enerji mərkəzlərinə və strateji hərbi zavodlarına zərbə vurmaq taktikasını seçib və buna da xeyli dərəcədə nail olur. Təbii ki, Ukraynanın insan resursları Rusiyanınkı ilə müayisə oluna bilməsə də, iqtisadi, maliyyə və hərbi texniki yardımlar artdıqca cəbhədə kəskin dönüş ola bilər. Yəni Rusiya qısa müddətdə döyüş meydanında ciddi uğurlar əldə edə bilməsə, Ukraynanın xeyrinə olan bu dönüş baş verəcək. Hazırda Rusiya Xarkov və Odessanı işğal etmək üçün çalışır. Qara dənizə tam nəzarət etməkdən ötrü Odessa ruslar üçün çox vacib bir strateji məntəqədir. Mən də belə hesab edirəm, Rusiya bu şəhərlərin işğalına nail ola bilməyəcək və nəticədə savaş meydanında kəskin dönüş baş verəcək və Rusiyanı tükəndirmək siyasəti davam etdiriləcək...

Oxunma sayı 2838