2020-ci ilə nisbətən 2024-cü ildə Türkiyənin Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstana ixracını iki dəfə artırıb. Türkiyə ilə türk respublikaları arasında ixracın həcmi 11,1 milyard dolları keçib.
Hafta.az-ın yazdığına görə, Türkiyə Statistika Qurumu (TÜİK) qeyd edib ki, Ankaranın türk dövlətlərinə ixracı 2020-2024-cü illərdə ardıcıl olaraq artıb.
2020-ci ildə 5,4 milyard dollar olan ixracat 2021-ci ildə 7,2 milyard dollara, 2022-ci ildə 8 milyard dollara və 2023-cü ildə 9,9 milyard dollara yüksəlib, 2024-cü ildə 11,1 milyard dollar səviyyəsini keçərək rekord qırıb.
Türkiyə ötən il bu 5 ölkədən ən çox Qazaxıstana ixrac həyata keçirib. Qazaxıstana toplam 3,3 milyard dollarlıq məhsul ixrac edilib. Azərbaycan 3,1 milyard dollarla siyahıda ikinci yerdədir, sıralamanı 2,2 milyard dollarla Özbəkistan, 1,4 milyard dollarla Qırğızıstan və 1,1 milyard dollarla Türkmənistan izləyir.
2024-cü ildə edilən ixraclar bölmələrinə görə araşdırıldığında birinci yerdə maşınqayırma məhsulları, avtomoobillər, mexaniki qurğular və sair gəlir. Bu sahədə türk respublikalarına 2,6 milyard dollarlıq ixrac edilib. Daha sonra 1,1 milyard dollarla elektrik maşın və avadanlıqları, 593,6 milyon dollarla trikotaj geyim əşyaları və aksesuarları ən çox ixrac edilən bölmələr arasındadır.
Bu 5 ölkəyə qiymətli daşlar, metallar və zərgərlik məmulatlarının ixracı 2024-cü ildə 530,1 milyon dollara, motorlu nəqliyyat vasitələri və onların ehtiyyat hissələrinin ixracı isə 529,8 milyon dollara çatıb.