Türkiyəyə hər gün 100 min turist gəlir

18:20 25.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy gündəlik xarici turist gəlişinin 100 minə çatdığını açıqlayıb və Antalyada tarixi yerlərin turizmdə mühüm rol oynayacağını bildirib.

Hafta.az-ın yazdığına görə, nazir Ersoy Türkiyənin əhəmiyyətli turizm bölgəsi olan Antalyaya sıx turist axınına diqqət çəkib. Ersoy, seçki prosesi və zəlzələlərdən sonra mövsümə sürətlə başladıqlarını və hər gün 90 minlə 100 min arasında xarici turistin ölkəyə daxil olduğunu deyib.

AKP Alanya rayon təşkilatında keçirilən yığıncaqda iştirak edən Ersoy, xalqın 14 və 28 may tarixlərində keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçdiklərini xatırladıb. O bildirib ki, bu, problemlərin həlli, maneələrin aşılması və Türkiyənin inkişafı üçün davamlı səylər göstərmək deməkdir.

Antalyanın turizm və kənd təsərrüfatı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan Ersoy, bu şəhərin turizm gəlirləri və yerləşdirmə baxımından ən uğurlu şəhər olduğunu bildirib. 

Ersoy, "Turizm mövsümü yalnız yay ayları ilə məhdudlaşmamalı, il boyu yayılmalıdır. Bu məqsədə çatmaq üçün ilk növbədə tarixi və arxeoloji yerlərimizi daha diqqətçəkən etməliyik. Bu istiqamətdə işlərimizi sürətləndirdik" deyib. Nazir nəhayət, Side və Kəmərdəki işlərlə yanaşı, bu həftə Syedra Antik Şəhərində də sürətli və intensiv işə başlamağı planlaşdırdıqlarını bildirib.