Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi 7-10 oktyabr tarixləri arasında Türkmənistanın paytaxtı Aşqabadda Qazaxıstan Mədəniyyət Günlərinin keçiriləcəyini açıqlayıb. Mədəniyyət günləri çərçivəsində Türkmənistan xalqı Qazaxıstan kinosu, musiqisi və adət-ənənələri ilə tanış ola biləcək.
Hafta.az-ın yazdığına görə, Qazaxıstan Mədəniyyət Günləri çətiri altında keçiriləcək Qazaxıstan Kino Günlərində, Aşqabad kinozalında Qazax xanlığının qızıl dövründən bəhs edən, rejissor Akan Satyevin çəkdiyi “Böyük çölün şəfəqi” (“Uly Dala Tany”) tarixi filmi və daha bir qazax filmi “Paralimpiyaçılar” nümayiş etdiriləcək.

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzində Kurmanqazi Milli Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.
Digər tərəfdən, qala-konsert oktyabrın 9-da keçiriləcək. Konsert Mədəniyyət Günlərinin bağlanış mərasimi çərçivəsində Türkmənistan Dövlət Mədəniyyət Mərkəzində Mukamov Sarayında iki ölkənin mədəniyyət nazirlərinin iştirakı ilə baş tutacaq.
Bundan əlavə, oktyabrın 10-da Aşqabaddakı Laçın parkında qazax şairi Abay Kunanbayevin abidəsinin açılışı olcaq. Açılış mərasimində diplomatik nümayəndələrin, qazax diasporunun, alim və yazıçıların iştirakı gözlənilir.