Ukrayna dünya hərbində görünməmiş əməliyyat keçirdi

14:52 10.07.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın hərbi qüvvələri dünya tarixində ilk dəfə olaraq döyüş əməliyyatını canlı qüvvənin iştirakı olmadan həyata keçirdiyini açıqlayıb. 3-cü əlahiddə həmlə briqadasının məlumatına görə, Xarkov istiqamətindəki “Deus Ex Machina” bölümünün “NC13” bölməsinin döyüşçüləri düşmənin mövqeyini məhv edərək canlı qüvvəsini əsir götürməyə nail olub. Döyüş zamanı Ukrayna hərbçiləri yalnız dronlar və yer robotlarından istifadə ediblər.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “20minutos” nəşri məlumat yayıb.

Briqada tərəfindən "dünyada tamamilə pilotsuz hücumla ilk uğurlu əməliyyat" kimi qiymətləndirilən əməliyyat, 2-ci əlahiddə hücum taboru tərəfindən həyata keçirilib. Telegramda yayımlanan görüntülərdə “FPV” hücum dronları və yerüstü robotlaşdırılmış platformaların düşmənin mövqeyini necə məhv etdiyi əks olunub. Ardınca dağıdılmış mövqeyə yer robotu yaxınlaşıb.

Ukrayna hərbçilərinin sözlərinə görə, bu anlarda bir neçə sağ qalan rus əsgəri təslim olmaq üçün siqnal verməyə başlayıb. Onların təslimiyyəti uzaqdan qəbul edilib və əsirlər dronlar vasitəsilə Ukrayna mövqelərinə aparılıb.

Briqadanın məlumatına görə, əməliyyat zamanı heç bir ukraynalı əsgər döyüş sahəsində olmayıb. Əməliyyatın döyüşçüləri bunun müharibənin avtomatlaşdırılmasında yeni bir mərhələ olduğunu və bunun sayəsində itkilərin minimuma endirildiyini, eyni zamanda təşəbbüsün saxlanıldığını vurğulayıblar.

3-cü əlahiddə həmlə briqadasının rəsmi səhifələrində əməliyyat Ukrayna Silahlı Qüvvələrinin texnoloji üstünlüyünün növbəti nümayişi kimi təqdim edilib. Mesaj isə "Robotlar döyüşür - sən idarə edirsən" şüarı ilə tamamlanır. Bu, briqadaya yazılmaq üçün müraciət formasına işarədir.

Texniki detallar açıqlanmasa da, hərbi dairələrdə bu hadisə pilotsuz müharibənin növbəti mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Artıq Ukrayna cəbhəsində pilotsuz müharibə reallığa çevrilib.

Xatırladılır ki, əvvəlki yazılarda 3-cü Əlahiddə Həmlə Briqadasının təkrarsız bir əməliyyata imza atdığı bildirilib. Onlar Xarkov bölgəsində rus mövqelərini məhv edib, əsgərləri əsir götürərək, yalnız dronlar və yer robotları ilə əməliyyatı tamamlayıblar.