“Kaxovka SES-də bəndin partladılması heç də təsadüfi deyildi. Özü də məhz indiki vaxtda... Görünür, Rusiya Ukraynanın əks-hücumunun olacağını gözləyirdi. Hətta onun vaxtını da dəqiq bilirdi. Amma hər bir halda, yəni Moskvanın törətdiyi bu partlayış, bu təxribatdan sonra da Ukrayna ordusu əks-hücuma keçdi”.
Bu fikri hafta.az-a açıqlamasında “Kaxovka SES bəndinin partladılmasından sonra Rusiya-Ukrayna savaşında hadisələrin inkişafını necə görürsünüz?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Hazırda görünən odur ki, Ukrayna ordusunun əks-hücumu qarşısında işğalçı ordu duruş gətirə bilmir, geri çəkilir. Və əlbəttə, bu həm də dünyaya göstərdi ki, bəşəriyyətin qarşısında duran hansı və necə düşməndir; o, heç bir üsuldan çəkinmir, o, on minlərlə, yüz minlərlə insanın, özü də dinc insanın həyatını təhlükə altına almaqdan belə, ehtiyatlanmır və hər bir addımı atır ki, öz istəyinə nail olsun” -açıqlamasının davamında şərhçi belə deyib.
Ərəstun Oruclu hesab edir ki, Ukrayna müharibəsi bundan sonra daha da şiddətlənəcək.
“Kaxovka təxribatı, sadəcə, Ukraynaya yardımı daha da gücləndirəcək. Və nəticədə Ukrayna ordusunun Rusiyaya qarşı əməliyyatlarının dairəsini bir qədər də genişlənəcək. Mən hadisələrin inkişafını bu cür görürəm və həm də onu görürəm ki, artıq dünya ölkələrində “Ukraynaya yardım etməlimi-etməməlimi” mövzusu birdəfəlik bağlandı. Və bilirsiz ki, ortada Kaxovka SES bəndinin Rusiya tərəfindən partladılmasının sübutları var. Deməli, dünyanın Rusiyaya qarşı birləşməsi də davam edəcək. Digər tərəfdən isə artıq rəsmi olaraq məlum olubdur ki, Çin Rusiyaya hərbi yardımını açıq şəkildə başlayır. Və biz dünyanın tam qütbləşdiyini görürük. Bir tərəfdən Rusiya və Çin, əks tərəfdən isə Qərb ölkələri. Bax, bu fonda da hələlik üz-üzə gəldikləri və toqquşma gedən region Ukraynadır. Və deməli, savaş da get-gedə şiddətlənəcək. Mən bunu gözləyirəm”- deyə analitik bildirib.