Ukrayna müharibəsi təmiz enerjiyə keçidi sürətləndirib

12:00 26.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Enerji Agentliyi Rusiya-Ukrayna müharibəsi səbəbindən təmiz enerjiyə investisiyalarda böyük artım olduğunu bildirib.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Agentliyin dərc etdiyi hesabatda bu il təmiz enerji sektoruna investisiyaların 1,7 trilyon dollara çatacağının gözlənildiyi əks olunub.

Kömür, təbii qaz və neft kimi qalıq yanacaqlara isə investisiyaların 1 trilyon dollara çatacağı gözlənilir.

Fransa mərkəzli agentliyin hesabatında, təmiz enerjiyə qoyulan investisiyaların artmasında uçucu qalıq yanacaq qiymətləri ilə yanaşı, müharibədən asılı olaraq enerji təhlükəsizliyinə dair artan narahatlıqların da mühüm rol oynadığı ifadə edilib.

Agentliyin icraçı direktoru Fatih Birol investisiyalarla bağlı açıqlamasında deyib: "5 il əvvəl qlobal enerji sərmayəsi 2 trilyon dollar idi. Bunun 1 trilyon dolları təmiz enerji, 1 trilyon dolları isə qalıq yanacaqlar üçün idi. Bu gün sadəcə 1 trilyon dollar qalıq yanacaqlara xərclənir: "1,7 trilyon dollar təmiz enerjiyə gedir. Bu, enerji bazarlarına və iqlim dəyişikliyinə təsir edən ciddi dəyişiklikdir. Məncə, bu, çox həyəcanvericidir".

Təmiz enerji sektorunda ən böyük investisiyaların günəş enerjisinə edildiyini bildirən Birol, “Tarixdə ilk dəfə olaraq günəş enerjisinə qoyulan sərmayə miqdarı neft hasilatına yönəldilən sərmayədən daha yüksəkdir” deyib.

Ötən il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin verdiyi hərbi əməliyyat əmri ilə başlayan müharibə enerji sektorunda da böhran və narahatlıq yaradıb.

Hesabatda müharibə ilə əlaqədar artan neft qiymətləri nəticəsində kömürə qlobal tələbatın artdığına diqqət çəkilib.

Bundan əlavə, xüsusilə neft-qaz sektoruna sərmayə qoyuluşlarında artım olduğu vurğulanıb. Bu investisiyaların il ərzində 7 faiz artımla 2019-cu ilin səviyyəsinə yüksəlməsi gözlənilir. Təbii qaz və neft sənayesində "yuxarı axını" xam neft və təbii qazın yeraltı və sualtı mənbələrinin kəşfiyyatını və qazılmasını əhatə edir.