Ukraynanın “Sherp” şirkəti Türkiyədə maşınqayırma zavodu açır

09:20 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın yerüstü nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Sherp” şirkəti Türkiyənin Bursa şəhərində zavodun tikintisini başa çatdırıb və onun işə salınması ilə bağlı işləri tamamlayıb. Zavodun rəsmi açılış törəninin aprelin 26-na planlaşdırıldığı deyilir.

Hafta.az-ın “Daily Sabah”a istinadən yazdığına görə, şirkət 8 ay əvvəl Türkiyədə istehsala başlamaq planlarını açıqlamışdı. İndi artıq Türkiyədə yeni çoxfunksiyalı modeli YETX təqdim etdi. May ayında Bursada bu vasitələrin kütləvi istehsalına başlanacaq.

“Sherp”in Bursadakı filialı olan “Orso Off-Road Solutions” şirkətinin baş direktoru Erman Ersez, "Şirkət Bursansanın sənayeləşməsinə, ixtisaslı insan resurslarına və Türkiyənin coğrafiyasına güvənərək bura sərmayə qoymağa qərar verib" deyib. O əlavə edib ki, hasilatın ikinci mərhələsi 2024-cü ildə başlayacaq.

Çətin relyef şəraiti üçün nəzərdə tutulmuş hündürlüyü 2,8 metr, uzunluğu 4 metr və eni isə 2,5 metr olan YETX bir metrə qədər maneələri asanlıqla aşa və 35 dərəcəlik yamaclarda istifadə oluna bilir.

Avadanlığın adi avtomobillərin gedə bilmədiyi ərazilərdə və su anbarlarında axtarış-xilasetmə əməliyyatlarında, meşə yanğınlarının söndürülməsində, fövqəladə hallar xidmətində istifadə oluna biləcəyi, mədənçıxarma, energetika, humanitar təşkilatlar tərəfindən də üstünlük verildiyi qeyd edilir.