Universitetlərarası tərəfdaşlıqlar ortaq elmi düşüncəni formalaşdırır - rektor

08:20 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Marmara Universiteti arasında Birgə Koordinasiya Komitəsinin yaradılması barədə Anlaşma Memorandumu imzalanıb. Sənəd özündə birgə elmi layihələr, ortaq tədqiqat mühitinin formalaşdırılması, akademik mobillik proqramlarının genişləndirilməsi və innovasiyayönümlü təşəbbüsləri əks etdirir.

Hafta.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bununla bağlı açıqlamasında bildirib ki, yeni anlaşma hər iki universitetin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə, eləcə də Azərbaycan və Türkiyənin ali təhsil məkanında yeni uğur nümunələrinin yaradılmasına xidmət edəcək.

Rektor çağdaş dövrdə universitetlər arasında qurulan tərəfdaşlıqların akademik əlaqələrin genişlənməsi ilə yanaşı, ortaq elmi düşüncənin, innovasiya mədəniyyətinin, rəqabətqabiliyyətli insan kapitalının və dayanıqlı inkişaf modelinin formalaşmasına da xidmət edən strateji platforma olduğunu deyib:

“Marmara Universitetində keçirdiyimiz görüş və imzaladığımız Anlaşma Memorandumu iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında sənəddən daha böyük məna daşıyır. Bu gün atılan addım Azərbaycan ilə Türkiyə arasında tarixdən gələn qardaşlığın elm, təhsil və innovasiya müstəvisində yeni məzmun qazanmasının bariz ifadəsidir. Biz bu əməkdaşlığı iki universitet arasında münasibətlərin inkişafının təzahürü olmaqla yanaşı, ortaq intellektual gələcəyin formalaşdırılmasına xidmət edən strateji akademik tərəfdaşlıq modeli kimi dəyərləndiririk. İnanıram ki, universitetlərimiz arasında qurulan hər bir əməkdaşlıq ölkələrimizin strateji baxışının möhkəmlənməsinə xidmət edir”.

Marmara Universitetinin rektoru Mehmet Emin Okur ilə keçirdikləri görüş barədə danışan Anar Eminov universitetlər arasında uzunmüddətli və nəticəyönümlü strateji tərəfdaşlığın inkişafı, tələbə və müəllimlərin akademik mobilliyinin genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və innovasiyayönümlü əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi apardıqlarını deyib:

“Bu gün ali təhsil müəssisələri yeni bilik istehsal edən, innovasiya yaradan, texnologiyaların inkişafına töhfə verən, dövlətlərin rəqabət qabiliyyətini gücləndirən və insan kapitalını formalaşdıran aparıcı intellekt mərkəzləridir. Buna görə də universitetlərin beynəlxalq tərəfdaşlığı artıq seçim deyil, qlobal inkişafın zəruri tələbinə çevrilib. Mingəçevir Dövlət Universiteti də beynəlmiləlləşmə strategiyasını məhz bu baxış üzərində qurur. Bizim üçün əsas məqsəd əməkdaşlıq sənədlərinin sayını artırmaq deyil, uzunmüddətli elmi etimada, qarşılıqlı məsuliyyətə və konkret akademik nəticələrə söykənən tərəfdaşlıq mədəniyyəti formalaşdırmaqdır”./azertag/