Universitetlərdə təhsil necə davam etdiriləcək - Rəsmi cavablar

18:26 29.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddət davam edən pandemiya şəraiti və distant təhsilin ardından bərpa edilən ənənəvi təhsil sistemi özü ilə bir sıra problemin meydana gəlməsinə səbəb olub. Belə ki, son günlər sosial şəbəkələrdə COVİD-19 virusu ilə bağlı universitetlərin dərs planının hələ tam hazır olmadığı haqqında xəbərlər yayılır.

Növbəli şəkildə təhsil alacaq kursların dərs qrafikləri haqqında məlumat tələbələrə hələ də verilməyib. Hətta jurnallarda siyahılar tək və cüt nömrələrdə adlar qruplaşdırılaraq 2 həftə növbə ilə ənənəvi təhsilə qayıdılacağı vurğulanır. Belə bir durumda artıq Bakıda olan tələbələr iki həftə boş qalacaqları üçün narazılıqlarını bildirirlər.

Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxladı.

Mövzu barədə danışarkən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirdi ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sentyabr ayının 29-dan etibarən təhsilin ənənəvi formada tədrisinə start verilib. Tələbələrin sıxlığının qarşısını almaq məqsədilə isə bir sıra tədbirlər görülüb:

“Karantin rejimi şəraitində universitetlərin girişində sıxlıq yaranmasın deyə, giriş-çıxış şaxələndirilib. Hazırda təhsil ocağının 5 giriş-çıxışı fəaliyyət göstərir. Eyni zamanda, girişlərdə dezinfeksiyaedici qövslər içəri daxil olanları hərtərəfli dezinfeksiya edir. Həmçinin 6-8 metr məsafədən temperaturu ölçə bilən cihazlar qurulub”.

Dərs qrafiklərinin verilməməsi məsələsinə gəldikdə isə Bəhruz bəy  söylədi ki, ADNSU-da sentyabr ayının 15-dən başlayaraq dərs qrafikləri ilə bağlı məlumatlar tələbələrə verilib:

“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına görə, universitetlərdə tədris əyani formada başlayıb. Bu zaman auditoriya tutumunun 70 faizindən artığı tələbə ilə dolmamalıdır. Bizdə 15 nəfərlik qrup tam şəkildə dərsə davam edə bilir. Tələbə sayı çox olduqda isə qrupun 70 faizi həmin dərsə əyani digər hissə isə onlayn davam edir. Proses 14 gün davam edir. 14 gün sonra onlayn dərs keçən tələbə ənənəvi tədrisə davam edir, qrupun başqa bir hissəsi isə onlayna keçir”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı  universitetdə dərs qrafikləri ilə bağlı heç bir problemin yaşanmadığını dilə gərtirdi:

“Azərbaycan Dillər Universitetində tədris qrafiki ilə bağlı hər hansı problem yoxdur. Dərslər tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun formada bu gündən etibarən başlayıb. Hazırda 18 yaşdan yuxarı bütün tələbələr COVİD pasportu təqdim edərək ənənəvi dərslərə qoşula bilirlər. Vaksin olunmayan tələbələrin isə universitetə buraxılmayacağı barədə onlara dəfələrlə xəbərdarlıq edilib. 1 və 3-cü kurslar 8:30-da, 2,4 kurlar isə 13:20-də dərsə başlayırlar. Universitetdə tədris əyani olaraq davam etdirilir və dərslərin onlayn olaraq davam etdirilməsi nəzərdə tutulmayıb”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin(ADMİU) mətbuat xidmətinin rəhbəri  Şahanə Müşfiq isə söylədi ki, universitetdə dərslərin yüksək əksəriyyəti ənənəvi formada tədris edilsə də, onlayn davam edən formaları da var:

“ADMİU-da dərslər bu gündən etibarən Təhsil Nazirliyi və Operativ Qərargahın qaydalarına uyğun olaraq başlayıb. Bakalavriat pilləsində təhsil 2 növbəlidir. Magistrlər isə 3-cü növbədə dərs keçəcəklər. Bildiyiniz kimi, bizdə praktika tələb edən ixtisaslar daha çox olduğundan dərslərimizin böyük hissəsi ənənəvi şəkildə, tələbə sayı çox olan qruplarda bölünmələr aparılaraq tədris olunacaq. Nəzəri dərslərin də tədrisi yenə də qaydalara uyğun olaraq tənzimlənir. Nəzəri dərslərdə mühazirələr onlayn, seminarlar isə ənənəvi şəkildə keçiriləcək”. 

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərindən isə belə aydın oldu ki, Tibb Universitetində də vəziyyət elə digər təhsilm ocaqları ilə eynidir. Burada da ənənəvi dərslər bu gündən başlayıb:

“Birinci kursların cədvəli hələ tam hazır deyil. Hələ qeydiyyat tam bitməyib və qruplar hazır deyil. Digər kursların isə cədvəli tam hazırdır və bu gündən verilib. Onlar üçün tədris əyanidir. Onlayn dərsimiz yoxdur. Dövlətdə yeni qayda çıxmasa, dərslər bu şəkildə də davam edəcək. Tibb Universitetində birnövbəli sistemdir. Buna görə bütün kurslar eyni növbədə 8:30-dan 4-ə qədər dərsdə olurlar”.

Dünən səhər saatlarından universitetlərin giriş qapılarında sıxlıq müşahidə edilib. Bakı Dövlət Universitetinin qarşısına minlərlə insan toplanıb. Bunu əks etdirən foto və video görüntülər sosial şəbəkələrdə yayılıb.

Sıxlığın səbəbi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan tələbələrdən, o cümlədən təhsil işçilərindən COVID-19 pasportunun tələb edilməsidir. BDU-da üstəlik turniket qoyulub, bu da müəyyən qədər sıxlıq yaradır.

BDU-nun mətbuat xidmətinin müdiri Günel Orucəliyeva hafta.az-a bildirib ki, universitetdə 23 minə yaxın tələbə təhsil alır. Birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri də bir tərəfdən sıxlığın yaranmasına səbəb olub:

“Hər bir tələbənin COVİD-19 pasportu yoxlanılır, universitetin mühafizə xidməti bu işə cəlb olunub. Onlar operativ şəkildə işləyirlər. Amma mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi mümkün deyil. Sosial məsafənin gözlənilməsi üçün dəfələrlə müraciətlər edilir. Valideynlər, tələbə yaxınları arasında hələ də universitetin qarşısında gözləyənlər var”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın konkret tələbləri var.

Tələbələrin COVİD -19 pasportu yoxlanılır, o cümlədən girişdə hərarətləri ölçülür. Universitetlərə sıxlığın baş verməməsi üçün tapşırıqlar verilib. Bildirilib ki,  sosial məsafə qaydalarına riayət edilməlidir.