“İndiki dövrdə uşaqların 5 yaşdan məktəbə göndərilməsi uğurlu ola bilməz. Düzdür, 5 yaşda əldə olunan bilik uşağın dünyagörüşünə müəyyən qədər təsir edir. Amma yaşa görə biliyin çoxluğu gələcəkdə şagirdin ümumi psixi pozğunluğuna yol aça bilər”. Bu fikirləri hafta.az-a təhsil naziri Emin Əmrullayevin uşaqların məktəbə başlama yaşının azaldılması ilə bağlı təklifini dəyərləndirənkən təhsil eksperti Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə də 5 yaşlı uşaqların bilik əldə etməsi üçün erkən məktəbə başlamasının doğru yanaşma olmadığı görünür: “Bu yalnız xüsusi istedadlı uşaqlar üçün mümkündür. Çünki hər il fors-major hal kimi 5 yaşlı uşaqların məktəbə qəbul edilməsi faktı var. Valideynlər, adətən, 3-4 yaşlı uşağını məktəbəqədər hazırlıq qruplarına yazdırırlar. Lakin bu, məktəbə başlamanın 5 yaşda olmasına əsas vermir. Bu yaşda əldə olunan bilik uşağın dünyagörüşünə müəyyən qədər təsir etsə də, gələcəkdə şagirdin ümumi vəziyyətində problemlər yaradır. Bununla yanaşı, şagirdin müəyyən fənnlər üzrə əldə edəcəyi biliklərin qarışmasına və xaotik vəziyyətin yaranmasına səbəb olur. Təhsil nazirinin təklifində məktəbə başlamanın 5 yaşa endirilməsi nəzərdə tutulur. Doğrudur, müasir dövrdə informasiya texnologiyalarının inkişaf etməsi nəticəsində aşağı yaş kateqoriyasında olan uşaqlar daha çox biliklər əldə edə bilirlər. Təxminən 20 il əvvəlki dövrlə müqayisədə indiki uşaqların fərqini açıq şəkildə görmək olur. Lakin bu amil uşaqların məktəb yaşını aşağı salmağa zəmin yaratmamalıdır. Yaxşı olar ki, təhsilin keyfiyyəti artırılsın. Əgər bu addım atılacaqsa, bunun üçün dərsliklərdə sadələşmə aparılmalı və müvafiq təhsil müəssisələrində müasir innovasiyalara cavab verən sistemlər qurulmalıdır. Bununla yanaşı, təcrübəli pedaqoji heyət formalaşdırılmalıdır. Əgər məktəb yaşı 5 yaşa endirilsə, bu halda şagirdlərin dərs proqramı azaldılmalıdır. Həmçinin dərsliklərdə yer alan mövzuların sayı az olmalıdır. Nəticədə uşaqların beyinlərinin vaxtından tez qocalmasının qarşısını almaq mümkün olacaq”.
Ekspert vurğulayıb ki, uşaqların 5 yaşdan məktəbə qəbul təcrübəsi Amerika, Sinqapur, Finlandiya kimi ölkələrdə var: “Biz də hazırda təhsil sahəsində daha çox Sinqapur, Finlandiya təcrübəsini öyrənirik. Yəqin ki, nazir də bu təzrübələrdən çıxış edərək belə bir təklifi səsləndirib. Amma biz hələ ki, bu sistemə keçidə hazır deyilik. Təhsil sahəsi təcrübə meydanına çevrilməməlidir. Biz indiyədək də kurikulumun fəsadların əziyyət çəkirik, hələ də müəllimlər, şagirdlər bu sistemə tam öyrəşə bilməyiblər. İndiki dərsliklərlə 5 yaşdan uşaqları məktəbə qəbul etmək yanlış qərar olar. Bununla bağlı bütün dərslik yenidən işlənilməli, iş dəftərləri ayrıca deyil dərsliklərə daxil edilməli, mövzuların çətinlik dərəcəsi azaldılmalı, lazımsız məlumatlar dərsliklərdən çıxarılmalıdır”.