Məlum olduğu kimi, oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” layihəsinə start verilib. Məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat çatdırılmasıdır. Layihə ilkin mərhələdə Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblərdə tətbiq olunur. Avtobuslar müasir tələblərə cavab verir, GPS izləmə və kamera sistemləri ilə təchiz olunub. Amma əsas sual bu xidmətin kimlər üçün nəzərdə tutulmasıdır?
Valideynlərin əksəriyyəti deyir ki, “2School” layihəsinin qiymətləri orta gəlirli ailələr üçün əlçatmazdır. Rəsmi məlumatda aylıq abunə haqqı 100 manatdan başladığı bildirilsə də, real rəqəmlər bundan xeyli yüksəkdir. Məsələn, Xırdalan şəhərindən 132-134 nömrəli məktəbə gediş-gəlişin qiyməti 240 manat təşkil edir. Ayda, orta hesabla, 20 dərs günü nəzərə alınarsa, bu, bir uşaq üçün gündəlik 12 manat yol xərci deməkdir. Yasamalda yaşayan valideyn üçün bu rəqəm təxminən 8,4 manatdır. Bu, çox ailə üçün ciddi yükdür. İki uşağı məktəbə gedən ailə üçün təkcə “məktəbli avtobusu” xərci 400–500 manata yaxınlaşır. Bu halda layihənin “ictimai fayda” mahiyyəti arxa plana keçir və kommersiya marağı önə çıxır.
"Layihənin özünü doğrultması üçün dövlət dəstəyi zəruridir"
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, sözügedən layihənin özünü doğrultması üçün dövlət dəstəyi zəruridir.

Ekspert qeyd edib ki, məktəbli avtobusları ilə bağlı valideyn narazılığı anlaşılandır:
"Məktəbli avtobusları pilot layihə olaraq mərkəzdə olan bəzi təhsil müəssisələrini əhatə edir. Burada 1 200 şagirdin daşınması nəzərdə tutulur. Valideynlər ictimai nəqliyyatla müqayisə apardıqları zaman bu qiymətlərin yüksək olduğunu əsas gətirirlər. Burada müəyyən qədər xidmət fərqləri var. Məktəbli avtobuslarına əlavə olunaraq dayə, nəzarətçi təyin olunur. Eyni zamanda məktəbli avtobuslarının tutumu azdır. 10-12 yerlik avtobuslardır. Buna görə qiymət valideynlərə yüksək görünür. Bu, dövlət özəl tərəfdaşlığı çərçivəsində baş verən prosesdir. Gələcəkdə, ən azı, dövlət büdcəsindən müəyyən qədər bu istiqamətdə maliyyənin yatırılması valideynlərin də yükünü azaltmış olar. Yalnız bundan sonra kütləvi şəkildə məktəbli avtobusları layihəsinin özünü doğrultmasını demək olar”.
"Qiymət siyasəti ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır"
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, qiymət siyasəti mütləq ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır.

Ekspert statistikaya diqqət çəkib:
“Statistika göstərir ki, Bakıda hər gün 500 mindən çox şagird məktəbə gedib-gəlir və onların təxminən 25-30 faizi fərdi avtomobil və ya taksi ilə daşınır. Buna görə Azərbaycanda bu xidmətin tətbiqini müsbət addım hesab edirəm. Qiymət siyasəti ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır. Eyni evdən iki və ya üç uşaq məktəbə gedirsə, ailə büdcəsinə düşən yük çoxalır. Burada diferensial yanaşmaya ehtiyac var: eyni ailədən olan uşaqlara güzəşt tətbiq olunmalı, sosial həssas qruplara - aztəminatlı, çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərilməlidir. Bu həm bərabər təhsil imkanlarını təmin edər, həm də valideynlərin narazılıqlarını azaldar”.
Dünyada tətbiq olunan modellərə toxunan ekspert vurğulayıb ki, məktəbli avtobusları təkcə nəqliyyat vasitəsi yox, həm də sosial və pedaqoji mühitin formalaşmasında vacib rol oynayır:
“Məsələn, ABŞ-də federal qanunvericilikdə məktəb avtobusları üçün xüsusi təhlükəsizlik standartları mövcuddur və 25 milyondan çox şagird gündəlik bu xidmətlərdən istifadə edir. Türkiyədə “Okul Servis Araçları Yönetmeliği” ilə valideynlərin ödədiyi məbləğlər tənzimlənir, əlavə xidmətlər - təhlükəsizlik kəmərləri, kamera sistemi, müşayiətçi personal məcburi qaydada tətbiq olunur. Avropa İttifaqı ölkələrində isə məktəbli avtobusu xərclərinin müəyyən hissəsi dövlət və bələdiyyələr tərəfindən subsidiyalaşdırılır, valideynlər yalnız simvolik ödəniş edirlər”.
K.Əsədov, həmçinin deyir ki, avtobus xidmətinə əlavə imkanların da daxil edilməsi zəruridir:
“Uşaqların təhlükəsizliyi üçün GPS izləmə sistemi, valideynlər üçün mobil tətbiq vasitəsilə marşrut izlənməsi, avtobuslarda müşayiətçi heyətin olması, kamera sistemlərinin quraşdırılması kimi xidmətlər həm valideynlərin inamını artırar, həm də xidmətin dəyərini əsaslandırar. Məktəbli avtobuslarının geniş tətbiqi tıxac problemini də müəyyən qədər azalda bilər”.