Vergi Məcəlləsinə dəyişikliklər - Müzakirə

12:30 16.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin dövlət büdcəsinin proqnozlarında vergilərlə bağlı müəyyən yeniliklər gözlənilir. Bu məqsədlə Vergi Məcəlləsində bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərə əsasən, güzəşt və azadolmalar həm sosial, həm də iqtisadi xarakterli olacaq. Sosial xarakterli güzəştlər sırasında fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı şəxslərə verilən güzəştlərin həcminin artırılması, eyni zamanda bir sıra gəlirlərin vergiyə cəlb olunan gəlir bazasından çıxarılmasıdır. Bu o deməkdir ki, bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcək. Həmçinin sosial məqsədlər üçün ödənilən mənfəət vergisinin azad olunan hissəsinin bir qədər də artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi də hədəflər sırasındadır. Belə ki, vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad  olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir.

Proqnozlara görə, sosial  xarakterli güzəştlər hələ bir neçə il də qüvvədə qalacaq və 2024-2027-ci  illər  üzrə vergi gəlirləri üzrə siyasətinin əsas istiqamətləri sırasında olacaq. Bu strateji xəttə əsasən, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, 2024-cü ildə sahibkarlar üçün vergi yükünün optimallaşdırılması siyasəti əsas prioritetlərdən biri olacaq. Bu da biznesin maraq və mənafelərinə xidmət edir. İqtisadi xarakterli güzəştlər üzrə siyasətin əsas istiqamətlərindən biri 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir. Həmçinin ölkədə kiçik və orta biznesin fəaliyyətini stimullaşdırmaq da əsas təşviqlərdən biridir. Yeni ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi bu istiqamətdə imkanları daha da artıracaqdır. Bununla yanaşı, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi də güzəşt paketində yer tutur. Biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal – elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Maliyyə lizinqinin vergiyə cəlb  edilməsi  mexanizminin sadələşdirilməsi, ictimai təyinatlı mənfəət vergisi üzrə azadolmanın artırılması vergi siyasətində yer alacaq. Ümumilikdə 2023-cü ilin sonunda müddəti tamam  olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif  olunur.

Bütün bu güzəşt paketinin məqsədi qarşıdakı illərdə vergi yükünü optimallaşdırmaqla daha da aşağı salmaqdır. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Bütün bunlarla yanaşı, növbəti ildə dövlət  büdcəsi  gəlirlərini  təmin  edən  vergi orqanı ilə  vergi  ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin  və gəlirlərin leqallaşdırılması kontekstində addımların  atılması davam etdiriləcək.

Ekspertlər hesab edirlər ki, Vergi Məcəlləsinə dəyişikliklərin olunması həm diferensiallıq, həm də dayanıqlıq baxımından bir zərurətdir. Ona görə də sözügedən sənədə hər il hansısa əlavə və dəyişikliklər edilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, 2024-cü ildə vergi optimallaşdırılması nəticəsində vergi yükü aşağı düşəcək: “Vergi qanunvericiliyində mikrosahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi ödəyicisi kimi hüquq və vəzifələr müəyyənləşib. Fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, yəni 5  dərəcə ilə yanaşı, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin də vergi hüququ müəyyənləşib. Belə ki, bu şəxslər gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyindən əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu sahədə vergilərin dərəcələrinin artırılması nəzərədə tutulmur”.

A.Hüseynov bildirib ki, 2024-cü ildə vergi qanunvericliyinin optimallaşdırılması nəticəsində bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq: “Eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcək. Vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad  olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir. Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur”.

A.Hüseynov deyib ki, biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur: “Belə ki, kiçik, orta və mikrosahibkarların müxtəlif rəqəmsal – elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Maliyyə lizinqinin vergiyə cəlb  edilməsi  mexanizminin sadələşdirilməsi, ictimai təyinatlı mənfəət vergisi üzrə azadolmanın artırılması vergi siyasətində yer alacaq. Ümumilikdə, 2023-cü  ilin sonunda müddəti tamam  olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif  olunur”.

Oxunma sayı 160