2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı və 44 gün ərzində əldə olunan zəfərdən 2 il ötür. Vətən Müharibəsi adını alan II Qarabağ savaşı Azərbaycana hansı tarixi üstünlüyü qazandırdı və dünyaya hansı mesajlarını verdi?
Bu istiqamətdə hafta.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev mühüm məqamlara diqqət çəkməklə bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatını analiz etmək üçün bir qədər əvvələ qayıdaraq proseslərin ardıcıllığını önə çəkmək lazımdır.
“Silahlı qüvvələrimiz 1994-cü ildən 2020-ci ilin 27 sentyabr ayına qədər bütün istiqamətlər üzrə hazırlıq mərhələsini keçdi. Ermənistan silahlı qüvvələri 2016-cı ilin aprel döyüşlərində silahlı qüvvələrimizin gücünü test etməyə qalxdı. Ermənilərin ilk hərbi təxribatından sonra Ermənistan hökuməti çökdu və yeni dalğa Nikol Paşinyanı baş nazir seçilməsinə qədər gətirib çıxartdı. Hələ 2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı prezidenti Azərbaycan torpaqlarını müharibəsiz azad etməsinə dair söz versə də, bunu yerinə yetirmədi. Nəticədə yeni hökumət Azərbaycana qarşı iddialarını artıraraq hərəkətə keçdi. Xüsusən də 2019-cu ildə o vaxtkı Ermənistanın müdafiə naziri Tonoyan Nyu-yorkda diaspora qarşısında “Ermənistan yeni torpaqlar və yeni müharibələr uğrunda hazırlaşır” bəyanatını verdi. Yeni torpaqların əldə olunması isə yeni təcavüzə hazırlaşmağın göstəricisi idi. Bu bəyanatdan sonra yeni seçilmiş baş nazirin "Qarabağ Ermənistandır nöqtə" -deyərək sərsəmləməsi və gəlib Şuşada içkili halda aqressiya nümayiş etdirməsi hərbi sahəyə yansımalı idi. Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra bütün sahələrdə öz direktivlərini Azərbaycanla yeni müharibəyə hazırlaşmaq, yeni torpaqların əldə olunması üzərində qurdu. Erməni silahlı qüvvələri 27 sentyabrdan öncəki təmas vəziyyətində təxribat diversiya fəaliyyətinə keçdilər və təmas vəziyyətində olan yaşayış məntəqələrimizi mütəmadi olaraq atıcı silahlardan, minaatanlardan atəşə tutmağa başladılar. Bu ermənilərin yeni ərazilər uğrunda başladıqları yeni təcavüz proqramı idi. Azərbaycan silahlı qüvvələri buna cavab verməli idi. 1994-cü ildən sonrakı mərhələdə birinci hərbi imtahanını 2016-cı ilin aprel ayında verən ordumuz ərazilərin işğaldan azad olunması uğrunda müharibəyə başladı. Əks hücum əməliyyatında silahlı qüvvələrimiz bütün cəbhə boyu, bütün güc strukturları ilə qarşılıqlı əlaqəli şəkildə əməliyyatlara başladı. Bu əməliyyatların əhəmiyyəti böyük oldu. 30 il möhkəmləndirilmiş “Ohonyan müdafiə həddi” ordumuz tərəfindən 1 gün ərzində yarıldı. Ermənilər atəşkəsdən sonra əllərində nə qədər mina var idisə, xüsusən də Rusiyadan alınan, həm də özlərinin istehsal elədiyi piyada əleyhinə minalarla bizim bütün təmas xəttimizi, müharibənin hövzəsini Arazdan Murova qədər minalamışdılar və bu ərazilərdə mühəndis itehkam qurğularını yaratmışdılar. Bunlar elə başa düşürdülər ki, Azərbaycan bu ehkamlardan xəbərdar olduğuna görə hərbi hücum əməliyyatlarına qalxmayacaq. Lakin əks - hücumla ordumuz təməs xəttində olan möhkəmləndirilmiş əraziləri 1 gecədə keçdilər və 1-ci həftədə biz artıq Füzuli, Cəbrayılın bir neçə kəndini işğaldan azad etdik. Döyüş əməliyyatları çox uğurlu başladı. Biz burda həm ordumuzun yüksək döyüş hazırlığını, həm də xalqımızın ordumuza verdiyi dəstəyi gördük. Xalqımız səfərbərlik məntəqələrinə axışdılar, müharinbənin gedişatında bir dənə də fərarimiz olmadı. Xalqımız əllərində olan güc və vasitələrlə ordumuza maddi-mənəvi dəstəyini verdi. Biz qarşımızda olan düşməni 44 gün ərzində yenə bildik..”
E.Şıxəliyev bildirib ki, biz bu əməliyyatları bir çərçivə içərisində birləşdirəndə 4 əsas komponentin müharibədə qalib olmağımıza imkan yaratdığını önə çəkə bilərik. Ekspert birinci əsas amil kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin ordunun əməliyyatlara hazırlanması, İdarə olunmasındakı sərkərdəlik məharətini önə çəkib.
“İkinci amil, silahlı qüvvələrimizn müharibəyə başladığımız gərgin dövrdə döyüşə hazır olmaq bacarığı, üçüncüsü xalqımızın müharibəyə psixoloji hazır olması və orduya verdiyi dəstək, dördüncüsü bu haqq işimizdə bizi siyasi müstəvidə dəstəkləyən dost dövlətlərimizin mənəvi dəstəyi idi. Bu dörd komponenti təhlil etsək görərik ki, biz müharibəyə çox güclü xalq, güclü, fərqli ordu olaraq qoşulduq. O zamana qədər biz ərazilərimizi itirə-itirə öz qürurumuzu da itirmişdik, psixoloji gücümüz sınmışdı. Lakin bu müharibə bizi özümüzə qaytardı”...