İndoneziyanın Cava adasında yerləşən Merapi vulkanında güclü partlayış baş verib.
Hafta.az "Tempo" qəzetinə istinadən yazır ki, Yogyakarta şəhəri yaxınlığında olan Merapi vulkanında səhər saat 05.16-a baş verən püskürmənin əvvəlində diqqət çəkən partlayışlar 150 saniyə davam edib. Kraterdən qalxan kül və duman 2 kilometr yüksəyə ucalıb.
İndoneziya Volkan və Geoloji Fəlakətləri Azaltma Mərkəzi (PVMBG), ikinci dərəcəli təhlükə hesab edilən vulkanın 3 kilometr radiusunda yaşayan əhaliyə diqqətli olmaları, turistlərə isə bu radiusda görünməmələrini tövsiyyə edib.
Xatırladaq ki, Cava adasındakı 2968 metr hündürlüyündə olan Merapi vulkanı son dəfə 2010-cu ildə püskürmüşdü. Nəticədə 347 nəfər həlak olmuşdu.
Qeyd edək ki, İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.