Azərbaycan Respublikası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalmış hissəsində həmin kontingentin himayəsində sülənən separatçı-terrorçu rejim konstitusiya və qanunlarımıza zidd fəaliyyətlərini davam etdirirlər.
Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsindəki Qayabaşı kəndi ərazisində “Artsax üçün 100 ev” adı altında tikilən evlərdən bir qismi artıq istifadəyə verilib.
Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, dünən – iyulun 31-də erməni xuntasının “dövlət naziri” adlanan Artak Beqlaryan ad-soyadlı məxluq bəhs edilən kənddə 6 “köçkün” erməni ailəsinə evlərin verilməsi tədbirində iştirak edib.
Xatırladaq ki, 2021-ci ilin yayından başlanmış sözügedən layihə 44 günlük savaşda ordumuzun uğurlu əməliyyatları sayəsində azad olunmuş digər ərazilərdən könüllü olaraq köçmüş ermənilər üçün 100 ev tikilməsini nəzərdə tutub.
Zəruri arayış:
Qayabaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənddir. Qarabağ silsiləsinin yamacında, Xankəndindən təxminən 16 km məsafədədir. Kənd qədimdən coğrafi movqeyi ilə əlaqədar olaraq sakinləri tərəfindən belə adlandırılmışdır.
XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Cənubi Azərbaycanın Dəhrəv kəndindən köçürülmüş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini “Dəhrəv” (farsca “daharav” sözündən olub "təpəlik" deməkdir) adlandırmışdılar. Bu minvalla 29 dekabr 1992-ci ilə qədər kəndin adı Dəhrəv olmuşdur. Qeyd olunan tarixdən isə kəndin adı Azərbaycan dövləti tərəfindən Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Qayabaşı - 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi qüvvələrinin nəzarətinə keçmişdir.