Yaponiyanın tanınmış caz ifaçısı Olimpiadada Azərbaycan yığmasını dəstəkləməyə çağırıb

10:42 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın tanınmış caz ifaçısı Kyoko Yamamoto yutub kanalında izləyicilərini Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasını dəstəkləməyə çağırıb.

K.Yamamotonun iyulun 23-də paylaşdığı video “Mən Azərbaycan komandasını dəstəkləyirəm! Sizi Tokio Olimpiya Oyunlarında fəal iştiraka çağırıram. Yaşa, yaşa, Azərbaycan!” sözləri ilə başlayır.

Bunun ardınca K.Yamamotonun rəhbərlik etdiyi qrupun ifasında Azərbaycanın Dövlət Himni ana dilimizdə səslənir. Fonda Azərbaycanın və paytaxt Bakının görməli yerləri, Qarabağ müharibəsində Azərbaycan xalqının sevincini əks etdirən məqamlar, ölkəmizi xaricdə ləyaqətlə təmsil edən nar və ondan hazırlanan şirələr, Nar bayramı barədə fotolar əks olunur. Videoda Azərbaycanın Dövlət Himninin mətni həm doğma dilimizdə, həm də yapon dilində titrlə təqdim edilib.

Bundan başqa, videoda K.Yamamotonun Yaponiyada yaşayan azərbaycanlı dostları ilə birlikdə fotoları da yer alıb. Video onun rəhbərlik etdiyi qrupun ifasında Yaponiyanın Dövlət Himninin səslənməsi ilə başa çatır.

Qeyd edək ki, Yaponiyada caz ifaçısı kimi tanınan K.Yamamoto repertuarında Azərbaycan mahnılarına xüsusi yer verir. Bununla yanaşı, o, Yaponiyada “Made in Azərbaycan” brendli məhsullarımızın geniş təbliğatçısıdır.

Oxunma sayı 561