İsveçrənin Davos şəhərində keçirilən illik sammiti ilə tanınan Dünya İqtisadi Forumu (WEF) yayımladığı hesabatda əmək bazarının gələcəyinə işıq salıb.
Hafta.az "Reuters"ə istinadən yazdığına görə, hesabatda vurğulanıb ki, texnologiya və rəqəmsallaşma həm yeni iş sahələri yaradır, həm də köhnələrini məhv edir. Ekoloji cəhətdən təmiz iqtisadi modelin yaradılmasını nəzərdə tutan yaşıl transformasiya, yavaş iqtisadi artım, yüksək inflyasiya və təklif çatışmazlığı işçilər üçün problem yarada biləcək amillərdən idi.
Vurğulanıb ki, rəqəmsallaşma ilə əməkdaş öz bacarıqlarının demək olar ki, yarısını yeniləməlidir.
İşəgötürənlər arasında aparılan sorğuya əsaslanan hesabata görə, yaxın 4 ildə iş yerlərinin ən azı 25 faizi dəyişəcək.
Qeyd olunub ki, məsələn, 2027-ci ildə 69 milyon yeni iş yeri açılacaq, amma əvəzində 83 milyon iş yeri yox olacaq. Bu, dünya üzrə məşğulluğun 2 faiz azalması deməkdir. Bankda işləmək, katiblik və kassir kimi ofis işləri ən tez yoxa çıxanlar arasındadır. Süni intellektdə texnologiyanın öyrənilməsi və kibertəhlükəsizlik üzrə mütəxəssislərə tələbatın artacağı bildirilib.
“İşlərin Gələcəyi” adlı hesabat 11 milyondan çox işçisi olan 800-ə yaxın şirkətin məlumatları əsasında hazırlanıb.
WEF-in baş direktoru Saadia Zahidi hesabatla bağlı belə deyib: "Hökumətlər və biznes strukturları təhsilə, bacarıqların artırılmasına və təbliğat strukturlarına sərmayə qoymaqla gələcəyin işlərinə doğru transformasiyanı dəstəkləməlidirlər".