“Yaxın perspektivdə maliyyə gücümüz daha da artacaq” - Ekspert 

12:29 29.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan xeyli vaxtdır ki, borc alan olkədən donor ölkəyə çevrilib. İndiki vəziyyətə mərhələlərlə gəlib çatmışıq. Bunun üçün ölkəmiz böyük bir yol keçib”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

Ekspert vurğulayıb ki, müstəqil olmağımız cəmi 30 ilə bir qədər yaxın olsa da, bizim üçün bunun ilk 7-8 ili maliyyə ehtiyatları baxımından xarici və beynəlxalq qurumlardan asılı vəziyyətdə keçib: “Bu da keçən əsrin 90-cı illəri idi. Xüsusən də, 1990-cı illərin ilk yarısı Azərbaycan üçün çox çətin illər oldu. Xəzinə boş idi, heç bir valyuta ehtiyatımız yox idi, olan cüzi məbləği də o vaxt ki, hakimiyyət talamışdı. Həmin dövrdə dövlət büdcəsinin kəsirini örtmək üçün ölkədən kənar mənbələrə ağız açırdıq, əhalinin ən adi sosial ödənişlərini örtmək üçün vəsait çatışmırdı və s. Məhz Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə genişmiqyaslı islahatlar başlandı, neft sazişləri imzalandı, neft-qaz sektorumuzun qapıları xarici investisiyalar üçün açıldı, kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində özəlləşdirmə dalğası start götürdü. Və artıq, bütün bunların nəticəsi idi ki, 90-ci illərin ikinci yarısından etibarən, ölkədə maliyyə çatışmazlığı tədricən aradan qalxmağa doğru istiqamət götürdü. Bu proses ardıcıl xarakter aldı. Təsadüfi deyil ki, 29 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu faktın özü ölkəmizin maliyyə vəziyyətinin tədricən təmin olduğuna işarə sayıldı. Və beləliklə də, xarici və beynəlxalq qurumlarının da Azərbaycanla davranış tonu dəyişməyə doğru istiqamət aldı. Ümumiyyətlə, bu, böyük bir yoldur. Bu günki vəziyyətə mərhələlərlə gəlib çatdıq. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çox təşkil edir. Hələ bu, lap çox təşkil edə bilərdi. 2014-2016-cı illər ərzindəki neftin dünya bazar qiymətlərinin düşməsi ilə yaranan məlum böhran və xarici təsirlər üzündən maliyyə bazarımız bir təlatüm yaşadı. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından 11 milyard dollar manatın məzənnəsi üçün sərf edildi. Bununla belə, valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan çoxdur. Xarici borcumuzdan da yüksəkdə dayanır. 1  iyul  2019-cu  il  tarixinə xarici dövlət  borcu  8,920.0 milyon ABŞ dolları, onun ÜDM-ə olan nisbəti  19.0  faiz təşkil edir. Vaxtilə bizə kredit vermək istəməyən xarici maliyyə dairələri artıq, neçə illərdir böyük səxavətlilik nümayiş etdirirlər və pul verməyi özləri təkid edirlər. Çünki Azərbaycan özü donor ölkəyə çevrilib, xaricə investisiyalar yönəldir, borc xahişləriylə üzləşir. Yaxın perespektivdə maliyyə gücümüz və ehtiyatlarımız hələ indikindən də artıq olacaq”.