Yeddi saatda məhv edilən təxribat planı - Təhlil

10:33 15.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 12-dən başlayan gərginlik, təxribatlar bir daha göstərdi ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə ən böyük maneə Ermənistandır. Daha doğrusu, İrəvanda hakimiyyətdə oturanların, siyasətlə məşğul olanların avantürist siyasəti, cəmiyyətin xəstə təxəyyülə, boş xəyallara əsaslanan düşmənçilik ruhunda böyüdülməsidir.

Ermənistan rəhbərliyi sərhəddəki son təxribatlardan sonra növbəti dəfə hərbi-siyasi avantürasının cavabını artıqlaması ilə aldı. Azərbaycan Ordusu 100 şəhid versə də, növbəti qəhrəmanlıq salnaməsini yazdı. Birgecəlik əməliyyat İrəvanın son iki ildə əldə etdiyi "nailiyyətlər”i yerlə-yeksan etdi.

Təxribatın səbəbləri

Bəs sərhəddəki bu olaylara aparan səbəblər nə idi? Məlumdur ki, II Qarabağ savaşındakı tarixi zəfərdən sonra Azərbaycan diplomatik-siyasi müstəvidə ardıcıl şəkildə qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır. 2020-ci il 10 Noyabr üçtərəfli bəyanatının ardından bölgədə yaranan yeni reallıqlara uyğun olaraq, Minsk qrupunun fəaliyyəti tarixə qovuşdu, 30 illik işğala son qoyuldu. Azərbaycan daxilində məskunlaşan separatizmin beli bir daha dirçəlməyəcək şəkildə qırıldı. "Böyük Ermənistan", "yeni ərazi" iddialarına ağır zərbə vuruldu. İki ilə yaxın aparılan danışıqlarda "Dağlıq Qarabağ", "status" kimi ifadələr ortadan qaldırıldı. Lakin rəsmi Bakının qarşısında dayanan ən mühüm məsələlər üçtərəfli bəyanatda İrəvanın imzası ilə üzərinə götürdüyü öhdəliklərə tam və qeyd-şərtsiz əməl edilməsinə nail olmaq idi. Buraya Ermənistanın hərbi qalıqlarının birdəfəlik ərazimizdən çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması çərçivəsində sülh sazişinin imzalanması, kommunikasiyaların, xüsusilə də "Zəngəzur dəhlizi"nin açılması daxildir.

Lakin Ermənistan rəhbərliyi yuxarıda qeyd olunan öhdəliklərin heç birini yerinə yetirmək istəmir. Əksinə, müxtəlif bəhanələr, təxribatlarla Azərbaycana qarşı əsası olmayan iddialar qaldırır. Ümumilikdə, regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, üzdə "sülh tərəfdarı" olduqlarını bəyan etsələr də, reallıqda yenidən öz çirkin, revanşist niyyətlərini həyata keçirtmək üçün alt baza formalaşdırmaqla məşğul idilər. Son aylarda İrəvanda revanşist qüvvələrin "Qarabağa müstəqillik", "itirilən torpaqların geri qaytarılması naminə birləşmək" kimi çağırışlarının da şahidi olurduq.

Təbii ki, Azərbaycanın milli maraqlarını, suverenliyini təhdid edən bu separatçı, revanşist çağırışların reallaşması üçün 44 günlük müharibədə darmadağın edilmiş erməni ordusunun bərpası istiqamətində addımlar atılırdı. Ermənistan hakimiyyəti Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparırdı. Təxribat əməlləri tək bununla da yekunlaşmır, paralel olaraq Qarabağa hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Bu iddiaların paralel olaraq Ermənistan baş nazirinin siyasi bəyanatları, müxtəlif rəsmilərlə görüşlərdə ortaya atılan "əsassız arqumentlər"lə də mütənasib formada uzlaşdığını müşahidə edə bilərik. Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi. Sərhəddəki təxribatlardan öncəki 10 gün müddətində isə Ermənistan mətbuatı, rəsmiləri Azərbaycanın guya "sərhəddə hücuma keçəcəyi" barədə xəbərdarlıq etməklə öz təxribatlarına haqq qazandırmaq üçün əvvəlcədən "əsaslar" hazırlayırdılar. Qeyd olunanlar əslində sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu idi.

Avqustda Laçın rayon mərkəzinin üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılmasının erməni revanşistləri üçün nə dərəcədə ağrılı proses olduğunun şahidi oluq ki, bu da Ermənistanda siyasi qarşıdurmalar, ittihamlarla müşahidə edildi. Paşinyan isə öz ampulasına sadiq qalaraq iqtidarınatəhdid yaradan daxildəki bu təzyiqləri neytrallaşdırmaq üçün sərhəddə növbəti hərbi-siyasi avantürasına start verdi. Məqsəd Laçın rayon mərkəzinin üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılmasından sonra "Qarabağ klan"ının, müharibə tərəfdarlarının Paşinyanı yenidən "Azərbaycan qarşısında kapitulyasiyaya imza atmaq"da ittihamlaması fonunda İrəvandakı siyasi çaxnaşmaları bir növ sakitləşdirmək və diqqəti yayındırmaq idi. Bu, yüzlərlə erməni hərbçisinin həyatına son qoymaq bahasına olsa belə...

Təkrarlanan "Tovuz ssenarisi"

Əslində, son yaşanan hadisələrin ssenarisi Azərbaycana heç də yad deyil. 2020-ci ilin Tovuz hadisələrindən öncə də məlum proseslərin şahidi olmuşduq. Ermənistan Azərbaycana qarşı ittihamlar səsləndirir, sərhəddə bölgənin ən önəmli kommunikasiya arteriyalarının keçdiyi ərazidə təxribatların bazasını hazırlamaq üçün hərbi mövcudluğunu artırırdı.

İstər 2020-ci ilin avqust, istərsə də sentyarbın 12-də baş verənlərdən əvvəl Azərbaycan tərəfi dəfələrlə erməni təxribatlarının onlara baha başa gələcəyini, ağır zərbələrlə cavab veriləcəyini açıq şəkildə bəyan etmişdi. Həmin dövrdə olduğu kimi, bu dəfə də Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Rəsmi Bakı hər bir dövlətin BMT Nizamnaməsi və beynəlxalq sənədlərdə təsbit olunan təhlükəsizliyini təmin etmək üçün önləyici addımlar atmaq hüququndan istifadə etdi.

Hərbi əməliyyatın nəticələri

Sərhəddə baş verən təxribatlardan sonra yayılan məlumatlarda da göründü ki, Azərbaycanın cavab tədbirləri Ermənistana çox baha başa gəlib. İlk öncə onu bildirək ki, Ermənistanın siyasi-hərbi dairələri son iki ildə ardıcıl olaraq 4-cü dəfə regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addımın Ermənistanın özü üçün yeni faciələrə səbəb olacağını bir daha gördülər. Bir gecədə endirilən cavab zərbələri ilə Ermənistanın Azərbaycanla sərhəddinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, təhlükəsizliyimizə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Ekspertlərin də dəyərləndirmələrinə görə, bu obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt lazımdır. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

Bu əməliyyatın nə dərəcədə uğurlu olduğunu, Azərbaycan Ordusunun peşəkarlığını ermənilər özləri də etiraf etmək məcburiyyətində qalıblar.

Tanınmış erməni hərbi analitik Şiraz Xaçatryanının son olaylara münasibətinə fikir verək: "Çox ciddi proseslər gedir. 12 sentyabrdan 13 sentyabra keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ön xəttini qıraraq, strateji yüksəklikləri ələ keçirə bildi. Bu strateji nöqtələr bizim onurğa sütunumuz sayıla bilərdi. Azərbaycan Ordusunun hücumlarının istiqamətləri kifayət qədər genişdir və əvvəl-əvvəl Bakının əsas məqsədini bəlli etmək olmurdu. Elə “hərbi taktika” da buna deyirlər. Biz ilk saatlarda nə baş verdiyini heç anlamırdıq. Birdən eşitdik ki, artıq Azərbaycan Ordusu bizim üçün çox vacib bir neçə nöqtəni nəzarət altına götürüb. Gələcəkdə Bakı İrəvanın nəfəsini kəsmək istəsə, bizim üçün strateji yüksəklik sayılan Qızılcıq kəndini (Qarakilsə) də ələ keçirə bilər. Bu, zərgər dəqiqliyi ilə ölçülmüş və uzunmüddətli prespektivə hesablanmış strategiyadır”.

Azərbaycan Ordusu bir daha göstərdi ki...

Bütün bunlarla yanaşı, hər birimizi üzən ən acı xəbər təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 şəhidinin olması idi. Lakin unutmayaq ki, adlarını öz qanları, canları bahasına müstəqil Azərbaycanın şanlı tarixinə yazdıran qəhrəmanlarımız Vətən uğrunda, dövlətimizin, xalqımızın milli təhlükəsizliyinə təhdid yaradan təxribatların qarşısını alan zaman şəhid olublar. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban veriblər. Onlar 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Ermənistan rəhbərliyi, hələ də revanşizm hissini qabartmağa səy göstərən erməni siyasi-hərbi dairələri, onların xarici dəstəkçiləri bir daha gördüləri ki, Azərbaycan dövləti, xalqı özünə təhdid yarada biləcək məqamlarda heç bir təzyiqə, şantaja boyun əymir. Əksinə düşmənlərinin cavabını lazımi anda, lazımi məqamda verir.

Dövlət və xalq olaraq ağır müharibədən çıxmağımıza baxmayaraq Azərbaycan Ordusunun Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətində olduğunu gördük.

Bir daha Vətəni, dövləti, xalqı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların bizlərə əmanət qoyub getdikləri Müstəqil Azərbaycan daim öz sözünü deyəcək, şəhidlərimizin övladlarının firavan gələcəyi üçün bütün zəruri addımları atacaq.