Rusiyada çoxdan gözlənilən “Lada”nın yeni modeli olan “Vesta NG”nin satışı gərgin başlayıb. Dilerlərdə qiymətlərin AvtoVAZ-ın elan etdiyindən baha olduğu görülüb. Lakin bu vəziyyət istehsalçı şirkətlə dilerlər arasında qalmaqala səbəb olub.
Hafta.az-ın yazdığına görə, vəziyyətdən çıxış yolu kimi AvtoVAZ-ın rəhbəri Maksim Sokolov dilerləri qiymətləri aşağı salmağa çağırıb: “Əgər onlar zavodun tövsiyə etdiyi qiymətlərlə avtomobil satmaqdan imtina edərlərsə, yeni modellərin çatdırılmasını dayandıracağıq”.
Autonews.ru-nun xəbərinə görə, “Lada Vesta NG” bütün Rusiyada iyunun 9-dan etibarən satışa çıxarılacaq, halbuki qiymətlər tövsiyə olunan rəqəmlərdən xeyli yuxarıdır. Məsələn, Moskvadakı qalereyaların birində “Lada Vesta NG Comfort Plus” versiyası 2 milyon 115 min 850 rubla satılır. İstehsalçı tərəfindən tövsiyə olunan pərakəndə satış qiyməti isə 1,3 milyon rubl təşkil edir.
“Vesta NG”nin ən sadə versiyası 1 milyon 720 min rubla satılır.
AvtoVAZ-ın saytında ən yüksək tövsiyə olunan rəqəm 1 milyon 699 min 900 rubl təşkil edir.