Yeni Rusiya-Ukrayna danışıqlarında 5 ÖLKƏ ÖNƏ ÇIXIR

10:00 27.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hökuməti beş ölkəni Ukrayna ilə birbaşa danışıqlar üçün potensial ev sahibi kimi nəzərdən keçirir.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, bu ölkələr Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Omandır. Rusiya prezidenti Vladimir Putinin bu ölkələri müharibənin başlanğıcından bəri vasitəçilik etmək istəyinə görə xüsusi təqdir etdiyi bildirilib.

Xəbərdə istinad edilən Rusiya rəsmiləri Putinin Ukrayna böhranında vasitəçilik təkliflərinə görə başda körfəz ərəb ölkələri və Türkiyəyə dəfələrlə təşəkkür etdiyini xatırladıb. Bu səbəbdən bu beş ölkədən birində danışıqların yeni raundunun keçirilməsi ehtimalının güclü olduğu bildirilib.

Mənbələr həmçinin bəzi Qərb ölkələrinin təklif etdiyi Vatikanın görüş üçün münasib məkan olmadığını, bir məmurun bu variantı “Haaqada görüş keçirmək”lə müqayisə edərək tənqid etdiyini bildirib.

Rusiya və Ukrayna müzakirəçilərinin son görüşü mayın 16-da İstanbulda baş tutub. “Bloomberg”in xəbərinə görə, hələ dəqiq tarix müəyyən edilməsə də, tərəflərin bu həftə yenidən görüşməsi gündəmdədir. Ukraynanın müdafiə naziri Rustəm Umerov bəyan edib ki, sülh prosesində növbəti addım iki ölkə liderlərinin görüşü olmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə yalnız danışıqlar qrupları konkret razılığa gələrsə, görüşə bilər.

Bu bəyanat liderlər səviyyəsində mümkün sammitin şərtlərini aydınlaşdırması ilə diqqət çəkir.

Diplomatik dairələr Türkiyənin xüsusilə müharibə boyu davam etdirdiyi balanslaşdırma siyasəti və İstanbulda əvvəlki danışıqlarda oynadığı rol səbəbiylə yenidən gündəmə gələ biləcəyini ifadə edərkən, körfəz ölkələrinin bitərəf mövqeləri və artan beynəlxalq təsirlərinin də danışıqlar prosesinə töhfə verə biləcəyinə dair şərhlər verilir.