Bildiyimiz kimi, Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiyalar əsasında yenidən dizayn edilməklə dövrüyyəyə buraxıldı.
Bəs görəsən yeni hazırlanmış pul əskinasları əvvəlkindən hansı özəllikləri ilə fərqlənir? Digər əskinaslar təhlükəsizlik baxımdan etibarlıdır deyəmi onlar dəyişdirilmədi?
Hafta.az-ın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərliyə deyir ki, dünya ölkələrindəki praktikaya əsasən vaxt keçdikcə pulların qorunma qaydalarına müəyyən dəyişikliklər olunur. Məqsəd onların saxtalaşdırılması ilə bağlı məsələlərinin öncədən qarşısını almaqdır:
“Kriminal qruplar uzun müddət dövriyyədə qalan pul əskinasların saxtalaşdırılması yollarını müxtəlif üsullarla öyrənə bilirlər. Azərbaycanda da saxta pul dövriyyəsi zaman-zaman kriminal xronikada qarşımıza çıxır. Ona görə də, yeni əskinaslar hər zaman öncəkindən qaha qorunaqlı olur. Səhv etmirəmsə yeni manatlarda 11-ə yaxın fərqli formalı qorunma işarələri olacaq. Bildiyim qədərilə yeni manatlar xaricdə çap olunur. Bu ən müasir texnologiyalarla çap edildiyindən qorunma üsulları daha da təkmilləşdirilib. Dünyada yeni texnikalar yaranması həm də saxta pul əskinaslarının çapını asanlaşdırır. Bu kimi halların önünə keçmək üçün dövlətlər zaman-zaman əskinaslarının dəyişdirilməsi ilə bağlı qərarlar verir. Yəqin ki, ölkəmizdə də bununla bağlı ehtiyac yaranıb”.
Ekspert həmçinin onu da vurğuladı ki, “1”, “5” və “50” manatlıq əskinasların yenilənməsi prosesin ilkin mərhələsidir:
“Mənə elə gəlir ki, bütün əskinasların dəyişdirilməsi ilə bağlı qərar olacaq. Sadəcə ilkin mərhələdə “1”, “5” və “50” manatlıqlar dəyişilir. Yəqin ki növbəti illərdə, yaxud da elə bu ilin sonu bütün əskinasların dəyişdirilməsi ilə bağlı qərar olacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan etmişdir. Bekə ki, yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.