Zahid Oruc: “Vətəndaşlarımızı kütləvi xırda ticarətin cəngindən almağın tək yolu budur”

12:39 14.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sadə Azərbaycan vətəndaşından soruşsaq, 2024-cü ilin dövlət büdcəsinin bir prinsiplə-Vətən müharibəsində qalib gələn xalqı, ordunu və dövlətin özünü gücləndirmək, Qələbəni qorumaq və möhkəmləndirmək əsasında hazırlanmasına səs verəcək. Prezident İlham Əliyevin ölkəmizdə və dünyada yüksək nüfuzu istənilən hökumət üçün bütün təbii sərvətlərdən daha güclü resursdur. Biz hamılıqla çalışmalıyıq ki, millətimizin Zəfərdən sonrakı yüksək gözləntiləri reallaşsın, ölkə başçısının xarizması, beynəlxalq avtoriteti və çevik xarici siyasəti daxildə uğurların davamına, problemlərin həllinə yönəlsin. İqtisadiyyatın gücləndirilməsini Silahlı Qüvvələrlə müqayisə etsək, təkcə ordumuzda deyil, bütün sənaye sahələri və qeyri-neft sektoru da 5-ci nəsil texnologiyaları ilə təchiz olunsun, belə demək mümkündürsə, bayraktarları, loraları iqtisadiiyyata gətirmək mümkün olsun”.

Hafta.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü iclasında dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Z.Oruc qeyd edib ki, ölkəmizin sənaye potensialınının böyük olmasına rəğmən, ixracda 3-4 faiz təşkil edirsə, hökumət dövlətin investisiya yatırdığı onlarla müəssisələrin problemlərini açıq platformalarda, respublika müşavirələrində müzakirəyə çıxara, ölkəmizi xaricdən yüzlərlə məhsulun idxalından xilas edə bilər.

“Vətəndaşlarımızı kütləvi xırda ticarətin cəngindən almağın tək yolu budur. İnşaat meydanlarımız qonşu ölkələrin basqısı altındadır, o cümlədən, kənd təsərrüfatında emal sənayesi qura bilsək, süfrələrimizi, sağlamlığımızı hibrid məhsullar işğal etməz”.
Deputat məlumat üçün bildirib ki, OCED ölkələrində aqrar məhsulun 75 faizi emal edilir, bizdə isə bu rəqəm 15 faizdir.

“Azərbaycanın bütün sahələrdə 44 günlük təhsil, səhiyyə, kənd təsərrüfatı planlarına ehtiyacı var. Son 30 ildə millətimiz “Qarabağ boyda dərdimiz var”, deyirdi, indi xalqın gündəliyi dəyişib, digər məsələlər önə keçib. Ona görə hökumətin 1-ci hədəfində qabaqcıl texnologiyalı sənaye ölkəsinə çevirmək olduğuna inanırıq. Səhhətində problemlərə baxmayaraq, Ulu öndər Heydər Əliyev 2022-ci ilin aprelində 500 sahibkarla 7 saatdan artıq görüşüb demişdi ki, məqsədi milli istehsalı və nəhəng sənayeni yeni texnologiya ilə təzədən bərpa etməkdir.