Zəlzələ iqtisadiyyatımıza necə təsir edəcək? – Müzakirə

10:59 16.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə 35 mindən çox insanın həyatını itirdiyi zəlzələ ölkə iqtisadiyyatına azı 84 milyard dollardan çox zərər vuracaq. Son açıqlanan məlumata görə, bu, Türkiyədə ÜDM-in, təxminən, 10 faizinin itirilməsi ilə nəticələnəcək.

"Bloomberg” yazır ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaşayış binalarına, təqribən, 70,8 milyard dollar ziyan vuracağı və əlavə olaraq 10,4 milyard dollar milli gəlir itkisinə səbəb olacağı proqnozlaşdırılır.

"Turkonfed” kimi tanınan qrup işçi qüvvəsinin itkilərinin Türkiyə iqtisadiyyatına 2,9 milyard dollara başa gələcəyini hesablayıb. Bir həftə öncə baş vermiş zəlzələlər Türkiyənin cənub-şərqindəki 10 şəhərə, eləcə də qonşu Suriyada 10 əyalət və 13,5 milyon insana ziyan vurub.

"Turkonfed”in hesablamalarını 1999-cu ildə İstanbul yaxınlığında baş verən və təxminən, 18 000 insanın ölümünə səbəb olan zəlzələlərə əsaslanaraq edib. Son dağıntılar nəticəsində ölənlərin sayı 1999-cu il zəlzələsindən xeyli çox olub və minlərlə insan itkin düşüb.

Bu proqnoz digər iqtisadçıların indiyədək hesabladıqlarından böyükdür. Baxmayaraq ki, bir çoxu, o cümlədən Britaniya bankı olan "Barclays Plc” tam təsiri qiymətləndirmək üçün hələ tez olduğunu vurğulayıb.

"Bloomberg Economics”in ilkin hesablamaları göstərdi ki, yenidənqurma səyləri də daxil olmaqla, fəlakətlə bağlı xərclər ÜDM-in təxminən 5,5 faizini təşkil edə bilər.

Qeyd edək ki, dünya mediasının gündəmində olan hadisənin təkcə Türkiyəyə deyil, bütün bölgəyə təsirləri müzakirə mövzusudur. Ekspertlər düşünürlər ki, dəhşətli zəlzələ nəticəsində yaranmış vəziyyətin xüsusilə Türkiyə ilə iqtisadi əlaqələri güclü olan dövlətlərə də təsiri qaçılmazdır.

Bəs qardaş ölkədə baş verən zəlzələ Azərbaycanla iqtisadi əlaqələrə necə təsir edəcək?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov da bildirib ki, Türkiyə Azərbaycanın 3 əsas ticarət tərfədaşından biridir: “2020-ci il fevral ayının 25-də iki ölkə arasında preferensial ticarət sazişi imzalanıb. Bu sazişlə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 5 il ərzində 3 dəfə artması gözlənilirdi. 2020-ci ildə pandemiyanın olması, ardınca iqtisadi böhran sözügedən hədəfə çatmaqda ciddi problemlər yaratdı. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 milyard həcmində qiymətləndirilir. Azərbaycanın ticarət dövriyyəsində Türkiyənin payı 13 faizdən artıqdır. Həm ticarət dövriyyəsini, həm preferensial ticarət sazişini nəzərə almaq lazımdır”.

İqtisadçı vurğulayıb ki, Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Türkiyə kimi bir dövlət Azərbaycan üçün çox önəmlidir. Zəlzələ iki ölkə arasında olan iqtisadi əlaqələrə, eyni zamanda Azərbaycanın özünün iqtisadiyyatına bu və ya digər formada öz təsirlərini göstərəcək. Türkiyənin zəlzələ baş verən ərazisi kənd təsərrüfatı üzrə istehsalatın 13-14 faizini əhatə edir. Sənaye üzrə bu göstərici 10 faizdən artıqdır. İqtisadiyyatın təxminən 9,3 faizi həmin ərazilərin payına düşürdü.

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi və iqtisadi əlaqələr üçün bu ərazilər çox vacibdir. Türkiyə əhalisinin 15 faizi zəlzələdən təsirlənib. Bütün bunların Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq demək mümkün deyil. Amma bunun Azərbaycanın ticarət dövriyyəsinin aşağı düşməsinə, yaxud Azərbaycanda makroiqtisadi göstəricilərə təsir göstərəcəyini düşünmürəm. Yəni bu zəlzələ makroiqtisadi göstəricilərimizə ciddi təsir göstərməyəcək”.

Onun fikrincə, Türkiyədəki zəlzələ Qarabağda yenidənqurma işlərinə müəyyən qədər təsir edə bilər:“Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsində Türkiyənin və bu ölkənin şirkətlərinin rolu çox böyükdür. Zəlzələ səbəbindən Türkiyənin özünün böyük ərazisində yenidənqurma işləri aparılmalıdır. 7 min dağılmış, minlərlə zədəli bina var. Bu, sıradan hadisə deyil. Məncə, Türkiyə öz şirkətlərini və texnikalarını dağılan ərazilərdə bərpa-quruculuq işlərinə yönəldəcək. Bu da Türkiyənin  işğaldan azad olunmuş ərazilərindəki fəaliyyətinə təsir göstərə bilər”.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır: “Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə bina, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz azalda bilər”.

Onun sözlərinə görə, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş ölkə bu sınaqdan da zəifləmədən çıxacaq: “Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır. Türkiyənin güclü olması Türk dünyasının güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi, həmçinin türk dövlətlərinin inkişafı üçün də stimuldur”.

Ekspert onu da vurğulayıb ki, Türkiyə Azərbaycanın xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır: “Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı, qonşu ölkələrlə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur. Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə isə ölkələr arasındakı ticarət dövriyyəsi 4 milyard 661 milyon dollar olmuşdu. Ötən ilin 11 ayında Türkiyəyə 3 milyard 323 milyon dollarlıq ixrac həyata keçirilib, qardaş ölkədən isə 1 milyard 48 milyon dollarlıq idxal olub. Türkiyə, eyni zamanda, ölkəmizin qeyri-neft ixracatında ikinci əsas tərəfdaşıdır. Belə ki, 3 milyard dollarlıq enerjidən kənar ixacatımızın təxminən üçdəbiri Türkiyənin payına düşür”.

Ekspert qeyd edib ki, son illər qardaş ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır: “Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malikdir. Xüsusən də qardaş ölkəyə mavi qaz ixracatında artımlar qeydə alınır. Əsrin fəlakətinin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək. 2023-cü ildə də ölkələr arasındakı enerji əməkdaşlığının güclənəcəyi gözlənilir. Qeyri-neft sahəsindəki əməkdaşlıq da bu il davam etdiriləcək. Bu baxımdan, enerji məhsullarının qiymətlərində azalmalar olmazsa, Azərbaycan Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi dəyişiklik gözlənilmir”.