“Human Rights Watch” Azərbaycanda saxlanan erməni əsirlərlə bağlı qərəzli hesabatı beynəlxalq ictimaiyyəti çaşdırır. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, Azərbaycanda soyqırımlar, qırğınlar törədən bu “demokratiya və hüquq” carçıları nədənsə erməni cinayətlərini qulaqardına alıb, ölkəmzə qarşı cəfəng çıxışlarından əl çəkmir.
44 günlük vətən müharibəsindən sonra torpaqlarımızı maddi-mədəniyyət abidələrimizi dağıdan, bütün ərazilərimizi minalayan, müharibədən sonra da 10-larla hərbçi və mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasından, minalanmış ərazilərin xəritəsinin verilməsinə yönəlik heç bir addım atmayan bu üzdəniraq hüquq müdafiəsi təşkilatı, nəyə görə Ermənistandan etdiyi cinayətlərə görə hesabat istəmir?! Beynlxalq təşkilatlar niyə yenə də ikilistandartlardan əl çəkmir?
Millət vəkili Fazil Musatafa Hafta.az-a bildirib ki, “Human Rights Watch” öz ampluasına uyğun olaraq çıxış edib. Onun sözlərinə görə, bu təşkilat arada guya Azərbaycanın mövqeyinə yaxın mövqe ifadə eləsə də, indi əsl üzünü göstərir:
“Biz həqiqətləri özümüz dünyaya çatdırmalıyıq. Çünkü bu cür qərəzli yanaşmalar birinci dəfə deyil. Bu təşkilatdan belə bir qərəzli hesabatın verilməsində də təəccüblü bir şey yoxdur. İnformasiya məkanımız daha çevik işləməlidir və belə təxribatların qarşısı alınmalıdır”.
Millət vəkili bildirib ki, insan hüquqlarının qorunmasından danışan və müharibə cinayətlərini törədənlərin haqsız müdafiəsinə qalxan bu qurum haqqı qorumaq istəyirsə, ermənilərin Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsinin bizə verilməsini təmin etməlidir. Çünki həmin o erməni cinayətkarlarının basdırdığı minalar bu gün xeyli mülki, hərbi insanımızın həlak olmasına səbəb olur. “Human Rights” niyə bunu görə bilmir?! Bu təşkilat bu işlə məşğul olsa daha böyük fayda vermiş olar.
Millət vəkili Fəzail İbrahimli bildirib ki, “Human Rights Watch” (HRW) Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunu iddia etməsi qərəzli yanaşmanı əks etdirir. Onun sözlərinə görə, qələbəyə qədər bu cür bitərəfli, qərəzli siyasət yürüdənlərin çıxışlarından narahat olurduqsa, bu gün belə hallar bizi təəccübləndirmir:
“Ermənipərəst qüvvələr sakit oturmayacaq. Biz psixoloji, siyasi cəhətdən buna hazır olmalıyıq. Nə vaxt bizdən nəyisə qoparmaq istəyəndə bir erməni kartını atacaqlar ortaya, bu da hamıya bəs edəcək. Amma deyir dəyirman bildiyini edir, çax-çaxı baş ağrıdır”.
Millət vəkili bu təşkilatın işğalçı dövlətin başqasının ərazilərində basdırdığı minaların xəritəsini niyə verməməsi ilə bağlı məsələnin qaldırılmadığı səbəblərinə toxunub:
“Burda bir xristian təəssübkeşliyi var. Deyir, “ətini yeyəndə, sümüyünü bir yerə yığır”. Bir müsəlman dövləti olaraq müharibədə qələbə qazanmağımız, dünyaya nümunə olan döyüş nümayiş etdirməyimizi həzm edə bilməyəcəklər. Həmin o təşkilatların bir çox üzvləri ermənilərin maliyyəsi ilə yaşayır. Mən Avropa Şurasında Azərbaycan nümayəndə heyətində iştirak edəndə ermənipərəst deputatların necə fəal olduğunu görmüşəm. Çünki onların həyatı, fəaliyyəti erməni lobbisindən asılıdır”.
F.İbrahimli bildirib ki, Avropanın demokratiyası çoxdan çürüyüb: “Hələ 1912-ci ildə Balkan müharibəsində müsəlmanları kütləvi şəkildə qətlə yetirdilər. Amma Avropa, rus mətbuatı bunun əksini yazdı. O vaxt Əhməd Ağaoğlu bununla bağlı “Balkan vəhşiliyi və rus mətbuatı” adlı maraqlı məqalə yazdı. Orda deyir ki, Balkan müharibəsinə qədər bizim də arzumuz Avropa demokratiyasına qovuşmaq idi. Avropa demokratiyası bizim üçün bir yol göstərən düşüncə idi. Amma Balkan müharibəsindən sonra demokratiyanın rəngi dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası İran bazarını dolduran üstübəzək, içi çürük mallardan başqa bir şey deyil. Bu ötən 30 il ərzində demokratiyanın rəngi qaraldı. İnsan hüquqları, insan müdafiəsi gülünc ifadəyə çevdildi. Ona görə də bu cür “Human Rights” kimi təşkilatların çıxışlarını göydə aya hürüməsi kimi qəbul edirəm”.