Amnistiya dövlətin öz vətəndaşına, cinayət törətmiş insanlara qarşı münasibətdə humanist bir aktdır.
Bu fikirləri hafta.az-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, bütün ölkələrdə qəbul olunub ki, ayrı-ayrı tədbirlər, bayramlarla bağlı dövlət məhkumları bir növ bağışlayır, əfv edir.
“Bu cür Amnistiya aktının verilməsini təqdirəlayiq hesab edirəm. Təxminən, 15 mindən çox adama şamil olunacaq. Məhkumların hamısı dərhal 8 noyabrda azadlığa çıxmayacaq. Bu prosesin icrası 4 ay müddətində nəzərdə tutulur. Hər bir fərdin işini araşdırıb onun Amnistiya aktının təsirinə düşüb-düşməməsini müəyyənləşdirmək lazımdır. Bütün hallarda bu cür addımlar çox yaxşıdır. Gələcəkdə də Amnistiya aktını davam etdirmək lazımdır. Vaxtaşırı dövlət öz vətəndaşlarına humanistlik aktlarını nümayiş etdirməlidir. Amnistiyaya düşən insanların sosial adaptasiyası məsələlərinə baxılmalıdır. Amnistiya bütövlükdə cəmiyyətimizdə insan hüquqlarına hörmətlə bağlı olan bir məsələdir”.