Çinin pərakəndə və e-ticarət nəhəngi "Alibaba" Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, "Alibaba"nın səhmdarı olduğu "Trendyol"un verdiyi məlumatda deyilir ki, ötən həftə İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşən "Alibaba" Qrupunun prezidenti Maykl Evans indiyədək "Trendyol" vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyublar və proses davam edəcək.
Evans Türkiyəyə yatırmağı planlaşdırdıqları sərmayələr barədə prezident Ərdoğana məlumat verib, Ankaradakı data və logistika, eləcə də İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb.
Türkiyənin dünyanın qabaqcıl e-ixrac ölkəsi olmaq potensialına malik olduğunu bildirən Evans, açıqlamaya görə, "qarşıdakı dövrdə" ölkəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını deyib. Açıqlamada investisiya təqvimi ilə bağlı daha ətraflı məlumat verilməyib.