"Artıq Avropanın gecəqondusu olmaq istəmirik" - Maya Sandu

12:20 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovada on minlərlə insan ölkənin Avropa Birliyinə (Aİ) qoşulmasını dəstəkləyən aksiya keçirib.

Hafta.az-ın "Novaya qazeta"ya istinadən yazdığına görə, prezident Maya Sandu tərəfindən paytaxt Kişinyovda təşkil edilən tədbirə təxminən 75 min adam qatılıb. 50 yaşlı lider ölkəsinin 2030-cu ilə qədər Aİ üzvü olacağını vəd edərək, "Artıq Avropanın gecəqondusu olmaq istəmirik" deyib.

Avropayönlü Sandu bir daha Kremli ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edərək, Rusiyanın şantajına boyun əyməyəcəklərini bildirib.

Nümayişdə Avropa Parlamentinin sədri Roberta Metsola da iştirak edib. Metsola kütləyə Kremlin təhdidlərinə qarşı çıxdıqları və ölkələrini dəstəklədikləri üçün təşəkkür edib.

Tədbirdən sonra Böyük Britaniyanın ictimai yayımçısı BBC-yə danışan Metsola “Avropa Moldova ilə daha da güclənəcək” deyib.

Moldova hökumətinin AB-nin tələb etdiyi islahatları mərhələli şəkildə həyata keçirdiyini ifadə edən Metsola, "İndiyədək əldə olunan irəliləyiş olduqca təsiredicidir" deyib. Aİ-nin islahat tələblərinə ədliyyə sisteminin gücləndirilməsi və korrupsiya ilə mübarizə daxildir.

Ötən ilin iyun ayında Aİ Ukrayna ilə birlikdə Moldovaya namizəd ölkə statusu verildiyini elan edib.

Aİ-yə üzvlük prosesində ölkələrə namizəd statusu verildikdən sonra tələb olunan şərtlər yerinə yetirilməlidir. Bundan sonra aşağıdakı mərhələlərdə üzvlük danışıqlarına başlanılır və prosesin başlaması illər çəkə bilər.

Sandu fevralın 13-də verdiyi açıqlamada Rusiyanı ölkəsində dövlət çevrilişi planlaşdırmaqda ittiham edib. Sandu, Kremlin Monteneqro, Belarus və Serbiyadakı qrupları ölkəyə gətirərək hökumət əleyhinə etirazlarla Kişinyov rəhbərliyini devirməyə çalışdığını bildirib. Moldova lideri həmçinin iddia edib ki, Kreml müxalif Şor Partiyasına dəstək verməklə ölkəni qızışdırmağa çalışır. Şor Partiyası ölkədə tez-tez hökumət əleyhinə etiraz aksiyaları təşkil edir.

Moldovanın baş naziri Dorin Recean da aprel ayında Rusiya prezidenti Vladimir Putinin ölkəyə girişinə qadağa qoyulduğunu açıqlamışdı.

Ukrayna prezidenti Vladimir Zelenski fevralın 9-da Avropa Parlamentindəki çıxışında Rusiyanın Moldovada hazırkı hökuməti devirmək və onu Kremlyönlü administrasiya ilə əvəzləmək planlarını müəyyənləşdirdiyini iddia edib. Moskva isə bu ittihamları rədd edib və heç bir şəkildə Moldovanın daxili işlərinə qarışmadıqlarını bildirib.

Oxunma sayı 215
Siyasət rubrikasından digər xəbərlər