"Azərbaycan dövləti xarici banklar üçün maraqlı tərəfdaşdır”- EKSPERT

11:48 02.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videkonfrans zamanı dövlət başçısı İlham Əliyev bildirib ki, bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik: “Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir”.

“Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır.

Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”,- deyə Prezident bildirdi.

İqtisadçı ekspert Akif Nəsirli hafta.az-a videokonfransda səslənən fikirləri şərh edərkən dedi ki,  dünyanın nüfuzlu banklarının Azərbaycanla əməkdaşlığı və ayırdığı kreditlər investisiya yatırımı üçün münbit şərait yaradır:

“Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və bir sıra bu kimi banklar vardır ki, onların Azərbaycanla əməkdaşlığı davam edir. Bu banklar Azərbaycana kreditlər ayırır, infrasturktur layihələrin maliyyələşdirilməsi üçün investisiya yatırımları edirlər. Düzdür, mən bunun elə də tərəfdarı deyiləm. Ona görə ki, Azərbaycan dollar ehtiyyatı kifayət qədərdir. Eləcə də Neft Fondunun, Beynəlxalq Bankın dollar ehtiyyatı var. Asiya İnkişaf Bankı Azərbaycana ucuz faizlə krediti verir. Buna baxmayaraq bu kreditlərin də faizi var, geri ödənilir. Buna görə dövlət borclanmalı deyil. Beynəlxalq kreditlərin geri qaytarılması həm də məsuliyyət məsələsidir. Mən hesab edirəm ki, qarşıdakı illərdə beynəlxalq kreditlərin götürülməsi azaldılmalıdır. Onun əvəzində ölkədaxili layihələr irəli sürmək olar. Vətəndaş cəmiyyətində söhbət vardır ki, bu kreditlər Azərbaycana məcburi verilir. Bu, inandırıcı deyil. Çünki dövlət əlavə yükü üzərinə götürməz. Konkret deyə bilərəm ki, əgər bu kreditlərdən imtina etmək mümkündürsə, edilməlidir. Yerli investisiya yatırımları edə bilən şirkətlərə maraq artırılmalıdır. Beynəlxalq arenada elə məsələ vardır ki. zərər olsa belə o işi davam etdirmək olur. Buna görə dövləti başa düşmək olar. Azərbaycan dövləti bütün nüfuzlu banklar üçün maraqlı tərəfdaşdır”.

İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, Asiya İnkişaf Bankı və digər oxşar banklar Azərbaycanda iri layihələrin həyata keçirilməsində maraqlıdırlar:

"Asiya İnkişaf Bankı bu günə qədər Azərbaycana 4 milyarda yaxın müxtəlif müxtəlif layihələrin maliyələşdirilməsi məqsədi ilə vəsait ayırıb. Bu vəsaitlərin 4-5 faizi qrant xarakterli olub. Bu vəsaitlər də texniki məqsədlər üçün müxtəlif proqramların, idarəetmənin təkmilləşdirilməsinə hədəflənibdir. Beynəlxalq maliyyə institutları Azərbaycanın neft strategiyasının formalaşmasında vaxtı ilə rol oynayıb. əsas tərəfdaşlardan olublar. Ölkə daxilində infrastrukturun təkmilləşdirilməsində çox ciddi rol oynayıb. Azərbaycanda banklar vasitəsi ilə bu işlər görülə bildiyindən, bu bankların da əlavə dəstəyi müsbətdir. Bir sıra hallarda beynəlxalq institutlar vəsaitlərini izləyirlər. Layihələrə ayrıldıqdan sonra xərclərə ciddi nəzarət mexanizmi var. Ölkədə maliyyə axınlarına nəzarət təcrübəsinin inkişaf etməsinə gətirib çıxarıb. Mən beynəlxalq institutlarla əməkdaşlığı vacib hesab edirəm. Həm qlobal iqtisadiyyata inteqrasiya baxımından, həm də maliyyə təminatı baxımından çox yaxşıdır". 

R. Həsənov Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın bildirdiyi Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləməsi məsələsinə də toxundu:

Ekspert qeyd etdi ki, formasjor hallar hər zaman yarana bilər, ona görə beynəlxalq institutlarla əməkdaşlıq Azərbaycan üçün vacib elementdir:

"Bu institular həmçinin qeyri neft sektorunun gələcək üçün inkişafına dəstək verəcək. Bildiyimiz kimi bir neçə ildir neft qiymətləri sabit qalmır. Bu ildə qiymətlərdə kəskin enmələr müşahidə olundu. Əməkdaşlıq bu kimi problemlərə vaxtında müdaxilə etməklə, yarana biləcək hadisələrin qarşısını almış olur". 

 

Oxunma sayı 1785