"Badamdar ərazisində meşələr qırıldı, sürüşmələr də geniş vüsət aldı"- Ekoloq

13:44 09.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq Bakının bir neçə istiqamətlərində tez-tez sürüşmə halları baş verir. Sürüşmə aktivliyi bu gün də Badamdar ərazisində özünü göstərdi. Belə sürüşmələr insanlar üçün də təhlükəlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib:

“Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur. ETSN tərəfindən ərazidə monitorinqlər aparılır”.

Torpaq sürüşməsi nə zaman baş verir?

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.

Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

Badamdar ərazisində  antropogen təsirlər varmı, bu sürüşmələrin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərə ehtiyac var?

Sualımızı hafta.az-a şərh edən ekoloq Sevil Yüzbaşova bildirdi ki, o ərazilərdə sürüşmələr artıb, çünki xarici təsirlər də əvvəlki illərlə müqayisədə yüksəlib:

“Sovet vaxtları o ərazilərdə hündürmərtəbəli binaların və ya digər iaşə obiyektlərin tikintisinə icazə yox idi. Orada ağaclar əkilirdi. Ağacların əkildiyi yerlərdə sürüşmələr az olur. Uzun illər ərzində orada aktiv sürüşmələr qeydə alınmamışdı. İndi isə o yamaclarda ağır və hündürmərtəbəli binalar salınır. Ümümiyyətlə aktivlik müşahidə olunan ərazilərdə ağır texnikaların salınması belə düzgün deyil. Xatırlatmaq istərdim ki, əvvəllər həmin ərazidə lokal meşələr var idi. O meşələr ki qırıldı, sürüşmələr də geniş vüsət aldı. O ərazinin torpağı möhkəm deyil, qum və gildən təşkil olunub. Əsas səbəb kimi deyərdim ki, istismarda olan quyuların istifadəsi dayandıqda onun laylarına su vurmaq lazımdır. Su vurulmur indi və laylar da çöküntü verməyə başlayır. Burada antropogen təsirlər var. Təkcə təbiət amili rol oynamır. Hazırda torpaqların satın alınması işlərinə bələdiyyələr nəzarət edirlər. Bələdiyyələr öz işlərini yalnız torpaq satmağdan ibarət olduğunu hesab edirlər. Onların mühəndislik qabilliyəti də olmalıdır və bilməlidilər ki, hansı ərazilərdə tikinti aparmaq olar. Hər yerdə tikinti aparıb yalnız belə anormal hadisələrə səbəb olmaq olar. Savadsızlıqdır bu. Bu işləri necə gəldi etmək qətiyyən olmaz.

Ekoloq Telman Zeynalovun fikrincə uzun müddət quraqlıq keçdikdən sonra, mütəmadi yağışların yağması belə ərazilərdə hər zaman sürüşmə prosesini fəallaşdırır:

“Badamdar ərazisinin torpağı əsasən ağır gil qatından ibarətdir. Gilə yağış dəydikdə, o biri torpaqlar kimi suyu özünə çəkib saxlamır, adətən hopub torpaq qatında yığılıb torpağın bərk qatını parçalayır. Yağışdan əvvəl onlar hər 5 metrdən bir ana çuxura bir bərkidilir ki, yuxarıda quruntlar bir-birindən ayrılsın, bir-birlərinə təzyiq törədə bilməsinlər. Bir də yaşıllıq salmaq - kök imkan vermir ki, su aşağı getsin, onu ətrafında saxlayır”.