Bir çox hallarda idmançılar proteinlərdən istifadə edirlər. Ən çox da uzun müddət bodbildinqlə məşğul olanlar belə məhsullara maraq göstərirlər. Bu gün də Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib. İdman qidaları insan orqanizmi üçün ziyanlıdırmı?
Hafta.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla dedi ki, ümümiyyətlə, idmanın bir növü olan bodbildinqlə məşğul olan şəxslər bu kimi məhsullardan istifadə edirlər, ancaq məqsədəuyğun deyil:
“Bu dərmanlar əzələ kütləsini artırmaq üçün istifadə olunur. Bu kimi məhsullardan istifadə edən şəxslərin bədəninə ilk növbədə anabolik steroidlər vurulmalıdır. Bu vasitələr həmin zülalları əzələyə çevirirlər. Əzələ kütləsini artırmaq üçün istifadə olunan protein və energetik içkilər ziyandır orqanizmə. Həddən ziyadə istifadə olunduqda cinsi funksiyanın aşağı düşməsi ilə nəticələnə bilər. Düzdür, bu məhsullar istifadə olunduqda tez bir zamanda əzələ kütləsinin artmasına gətirib çıxarır. Amma düşünürəm ki, əzələ kütləsinin artması üçün bu kimi vasitələrdən istifadə edib, sağlamlığı itirmək lazım deyil. Onlar fiziki gücdən istifadə etsinlər, nəinki belə tərkibi bilinməyən vasitələrdən. Bunlar birbaşa qida kimi qəbul olunur və bu prototeinlər dərhal bədənə sovrularaq həmin maddələrin fonunda əzələyə çevrilməsinə gətirib çıxarır. Buna xüsusilə gənclər meyillənirlər. Əgər istifadə edənlər yarışlar üçün, idman sahəsində nailiyyətlər üçün çalışmırlarsa onda heç istifadəsi məqsədə uyğun deyil. Bu halda ən yaxşı variant öz imkanları ilə, fiziki yüklə əzələni inkişaf etdirməkdir. Digər tərəfdən bu kimi proteinlərin keyfiyyət parametrləri haqqında məlumat yoxdur”.