“Artıq üç aydır ki, "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazmasının, o cümlədən 13-cü boyunun tapılması xəbərinin həyəcanını və eyforiyasını yaşamaqdayıq. İlk öncə hörmətli koroğluşünas alim Mətin Ekici bütün türk dünyasına "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazmasının, o cümlədən 13-cü boyunun tapılması haqqında sensassiyalı xəbər verdi. Xəbər belə duyuruldu ki, əlyazmada dastanın Drezden nüsxəsində olan 12 boy və əlavə olaraq Salur Qazanın əjdahanı öldürməsi haqqında 13-cü boy var. Xəbərə çox sevindik və ilk öncə əlyazmanı görmək istədik. Təəssüf ki, əlyazmanın özünü görmək nə bizə, nə də onu PDF-dən çap edən Mətin Ekici və Yusif Azmuna hələ də qismət olmayıb“.
Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Prof.Dr. Seyfəddin Rzasoy deyib. Professor bütün həmkarlarına bəyan edib ki, yeni tapılmış əlyazma heç bir halda bizə Drezden və Vatikan adları altında 2 nüsxəsi məlum olan "Kitabi-Dədə Qorqud" eposunun üçüncü əlyazması, yaxud Türkiyədə deyildiyi kimi üçüncü nüsxəsi, yəni 3-cü variantı deyil:
“Bu əlyazma Türmənistan türkmənlərinin milli dastançılıq ənənəsinə aid oğuznamə mətnlərdən ibarətdir. Mətnlər oğuz babalarımızın deyil, 19-cu əsr türkmən qardaşlarımızın dastan yaradıcılığını əks etdirir. Həmkarlarımızın diqqətinə çatdırırıq ki, "Kitabi-Dədə Qorqud"un 13-cü boyu adı altında təqdim etdikləri mətn Türkmənistanda Saluq Qazan haqqında mövcud olmuş çoxsaylı və bu gün də yaşayan dastan-əfsanələrdən biridir. Bu mətnlərin bir çoxu ilə hələ 19-cu əsdə rus alimi A.Tumanski tanış olub.Bu barədə elm aləminə xəbər verib. Kitabi-Dədə Qorqud" Oğuz xalqının qəhrəmanlıq dastanıdır. Oğuz epoxasından sonra oğuzlar müxtəlif xalqlara (Azərbaycan türkləri, Türkiyə türkləri, Türkmənistan türkləri, qaqauzlar...) şaxələndilər. Milli dastançılıq dönəmi başlandı. "Kitabi-Dədə Qorqud" ənənələri bu dönəmdə yeni dastanların mövzusunu, ideya qaynağını təşkil edirdi. Buna nümunə olaraq Türkiyədə toplanmış Bamsı Beyrək haqqında mətnləri göstərmək olar. Türkmənistan türkmənləri daha çox salur tayfası ilə bağlı olduğu üçün Salur Qazan onların epos yaradıcılığında yaşamaqda davam etdi."Yağmaçı" oğuz babalarımızın nəvələri olan alim həmkarlarımız yeni əlyazmanın dövrünü, aid olduğu milli epik ənənəni müəyyənləşdirmək əvəzinə, əlyazmanı kimin tez çap etdirməsi yarışına girişdilər. Və bu gün də həmin alimlər arasında elmi mübahisə yox, kimin əlyazmanı kimdən neçə saat əvvəl görməsi, yaxud neçə gün əvvəl çap etdirməsi haqqında mübahisə gedir. Yəni "üçüncü əlyazma" kimin adına brendləşəcək. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları olaraq şəxsən öz adımızdan bəyan edirik, birincisi yeni əlyazma "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazması olmayıb, 19-cu əsrə aid Türkmənistan oğuznamələrindən ibarətdir. İkincisi, "Kitabi-Dədə Qorqud"un 13-cü və 14-cü boyları adı altında təqdim olunan mətnlər, ümumiyyətlə, boy janrına aid omayıb, 19-cu əsrə aid Türkmən(istan) dastanlarıdır”.