Prezident seçkilərdə səs verib

15:15 24.12.2009
Yazını böyüt
Yazını kiçilt
Dünən müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olacaq. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək qarşıdakı 5 ildə onların yerlərdəki problemlərinin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs veriblər.

Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülmüş, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq müşahidəçilər dəvət edilib. Təşviqat kampaniyası azad və şəffaf şəraitdə keçirilib, hər bir namizədə bərabər şərait yaradılıb. Bunu hələ seçki günündən əvvəl Azərbaycana gələn beynəlxalq müşahidəçilər də təsdiq ediblər. Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsində səhər tezdən xüsusi canlanma müşahidə olunub. 6 saylı məntəqə 814 seçicini əhatə edir. Digər seçki məntəqələrində olduğu kimi, burada da səsvermənin normal keçməsi üçün hər şey nəzərə alınıb. Yerli və xarici müşahidəçilər səsvermənin gedişini izləyiblər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib. Prezident İlham Əliyev səsvermə otağında seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da səs veriblər. Bu anı respublikamızın və xarici ölkələrin çoxsaylı mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər (“AzərTAc“).

rubrikasından digər xəbərlər