"Ruslar ələ keçirdikləri ərazilərdə bütün infrastrukturu məhv edirlər" - Döyüş bölgəsindəki şahid

12:35 27.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Mariupolda şiddətli döyüşlər gedir. Burada 35 Türk ailəsi olaraq yaşayırdıq. Müharibə başlayandan sonrakı dörd gündür sığınacaqda qalmağa məcbur olmuşuq".

Hafta.az-ın yazdığına görə, bunu hazırda Mariupolda çətin vəziyyətdə qalmış, adının çəkilməsini istəməyən türkiyəli din xadimi deyib. Türkiyə vətəndaşı deyib ki, rus hərbçilər heç də Moskvanın iddia etdiyi kimi, humanist deyillər. Onlar qarşılarına çıxan hər kəsə düşmən kimi baxır və öldürürlər. "Biz hazırda Rusiyanın möhkəmləndiyi təmas xəttindən cəmi 20 kilometr aralıdayıq - Azov dənizinin sahilində yerləşən şəhərdəyik. Bura hücum ediləcəyini gözləmirdik. Düşünürdük ki, hücum edilsə bu yəqin Ukraynanın şərq sərhədlərində olacaq və çıxılmaz vəziyyətdə qalsa qərb istiqamətinə çəkilə biləcəyik. Amma yanılmışdıq. Rus qoşunları qərb hissədən də Ukrayna torpaqlarına hücuma keçib. Odur ki, Mariupol insanlarının çəkilməyə yeri qalmadı" deyən türkiyəli ilahiyyatçı əlavə edib ki, Ruslar ələ keçirdikləri ərazilərdə ilk olaraq sosial-iqtisadi infrastrukturu məhv edirlər. "Onlar sanki Ukrayna xalqına daha çox öldürmək, daha ağır ziyan vuraraq qisas almaq üçün gəliblər. Körpüləri anındaca partladırlar, nəqliyyat yox, hərəkət azadlığı tamamilə aradan qaldırılıb, bir çox yollar rusların zəbt etdiyi bölgələrdən keçdiyi üçün, o yollarla hərəkət etmək ölümə bərabərdir. Ruslar ifrat səviyyədə amansız davranırlar, nəinki mülki avtomobilləri, hətta təcili tibbi yardım maşınlarını atəşə tuturlar. Bu gün şəxsən gözlərimlər gördüm ki, onlar xəstəxanaya xəstə aparan ambulansı gülləboran etmişdilər...”, - türk ilahiyyatçı deyib.

Zərərçəkən deyib ki, sığınacaqda qaldıqları üçün hələlik sağdırlar. Amma bunun nə qədər çəkəcəyini bilmirlər.

İlahiyyatçı qeyd edib ki, Türkiyənin Kiyevdəki səfirliyi əvvəldən onları xəbərdar eləmişdi, amma rusların bu qədər tez və amansız hücumlarını gözləmirdilər deyə, çağırışlara biganə qalıblar. O, deyib ki, indiki müasir dövrdə və ukraynalılarla eyni soykökdən olan rusların öz qardaşlarına belə düşməncə davrana biləcəyini ağıllarına belə gətirmirdilər. 

Türkiyə vətəndaşı bildirib ki, rus qoşunları Mariupolu uzunmənzilli və dağıdıcı gücü böyük olan raketlərlə atəşə tuturlar. Amma sığınacaqdakı ailələri o, şəxsən idarə etməyə çalışır ki, bayıra çıxmasınlar. "Aramızda yaşlı bir türk kişi var, bir neçə ay əvvəl iflic olmuşdu. Amma bir neçə gün olardı ki, həkimlərin ciddi səyləri nəticəsində sağalıb. Hə, nə olsun ki, indi sığınacaq qorxu içində qalıb, psixoloji sarsıntı keçirir, qorxuruq ki, yenidən iflic olar", - deyib türkiyəli ilahiyyatçı. 

İlahiyyatçı deyib ki, hazırda Türkiyənin Kiyevdəki səfirliyi, konsulluğu ilə sıx təmasdadırlar. Əvvəl onlar türk ailələri ərazidən çıxarmaq istəsələr də, rus qoşunları qısa vaxtda bütün ətraf çevrələri zəbt etdiyindən, yollar bağlanıb və təbii ki, insanları döyüş bölgəsindən daha sabit yerlərə köçürmək mümkün olmayıb.

Sığınacaqda qalmış insanlar istəyirlər ki, dünya bu hadisələrə biganə yanaşmasınlar, bəşəriyyət bu amansız müharibənin dayandırılmasına kömək göstərsin.  

Rusların çox qəzəbli olduğunu yaxşı bilirik. Mən az-çox rusca bilirəm, rus mediasını internet üzərindən izləyirəm. Görürəm ki, Rusiya hakimiyyəti ukraynalılara qarşı qəzəblidir və amansız addımlar atmaqda qərarlıdırlar. Sığınacaqdakı türk ailələr çoxdandır Mariupolda işləyirlər. Burada yaşayan iş adamlarımız da var. Artıq 4 gündür sığınacaqdayıq. Düzdür, bu müddətdə birbaşa hücuma məruz qalmasaq da, yaxşı bilirik ki, arxayınlaşmaq olmaz. Mariupol qədimdən üzübəri mübarizlər şəhəri kimi tanınıb və indiyədək müqavimət göstərib, dayanmasının bir səbəbi də elə budur. Bun u Rusiya da yaxşı bilir və ona görə də daha güclü hücumlarla şəhəri əldən salmağa çalışır…”, - türkiyəli ilahiyyatçı bildirib.

Siyasət rubrikasından digər xəbərlər