"Seçmə şagird" problemi: repetitorluq, yoxsa reytinq yarışı?!

17:02 05.06.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər təhsil sektorunda repetitorluq fəaliyyəti geniş vüsət alıb. Xüsusilə ali məktəbə qəbul imtahanlarına hazırlıq prosesində valideynlərin əsas ümid yeri məhz fərdi müəllimlərdir. Lakin təəssüf ki, bu sahədə baş verən bəzi xoşagəlməz hallar ictimai narazılıq doğurur. Xüsusilə də özünü yaxşı reklam edən, yüksək nəticələrlə öyünən bəzi repetitorların fəaliyyəti sual altına alınır. Əsas şikayət ondan ibarətdir ki, bu müəllimlərin qapısı zəif şagirdlər üçün qapalıdır. Belə ki, bəzi məşhur müəllimlər yalnız əvvəlcədən yüksək bilik səviyyəsi olan şagirdlərlə işləməyi üstün tuturlar.

Valideynlərin verdiyi məlumata əsasən, bir sıra məşhur repetitorlar uşaqları qəbul etməzdən əvvəl qeyri-rəsmi “imtahan” keçirir. Məsələn, 20 suallıq test verilir və yalnız 15-dən çox düzgün cavab verənlər qrup dərslərinə qəbul edilir. Bu isə avtomatik olaraq zəif və ya orta nəticə göstərən uşaqları hazırlıq prosesindən kənarlaşdırır. Belə yanaşma, bir tərəfdən, repetitorun nəticə əsaslı fəaliyyətini göstərsə də, digər tərəfdən, təhsilin mahiyyətinə, hər kəsə bərabər imkan yaradılmasına ziddir. Digər narahatlıq doğuran məqam isə budur ki, bəzi müəllimlər əsasən lisey şagirdlərini “seçərək” hazırlığa götürürlər. Bununla həm statistik nəticələrini süni şəkildə yüksəldirlər, həm də “uğurlu müəllim” obrazı formalaşdırırlar.

Daha ağrılı məsələ isə bəzi repetitorların valideynlərə qarşı etikadan kənar münasibət göstərməsidir. “Siz fəxr edin ki, mən bu uşağa vaxt ayırmışam”, “bu uşağın potensialı yoxdur, vaxt itkisidir” kimi ifadələr təkcə valideyni yox, həm də uşağın psixologiyasını zədələyir. Ekspertlər hesab edirlər ki, həmin şagirdlər özlərinə inamı itirir, cəmiyyətin onlara dəyər vermədiyini düşünür. Bu isə uzunmüddətli travmaya çevrilə bilər.

Reklam və nəticə üzərində qurulan bu sistem həm də maddi baxımdan ciddi yük yaradır. Bu müəllimlərin qiymətləri bazarda ən yüksək səviyyədədir. Lakin müqabilində təqdim olunan xidmət yalnız seçilmişlər üçündür. Bu isə sosial ədalətsizlik doğurur və təhsilin bərabərlik prinsipinə ziddir.

Qeyd edək ki, repetitorluq fəaliyyəti ölkəmizdə rəsmi şəkildə tənzimlənmir. Bu səbəbdən nə qiymətlərə, nə də qəbul meyarlarına nəzarət olunur. Belə bir şəraitdə müəllim istədiyi şərtləri irəli sürür, valideynin isə alternativi yoxdur. Çünki uşağı məktəbdə kifayət qədər hazırlana bilmədiyinə görə məcbur repetitor axtarır. Bütün bu problemlər bir sualı ortaya çıxarır: təhsilin məqsədi yüksək bal toplamaqdırmı, yoxsa cəmiyyət üçün faydalı, savadlı, əxlaqlı və bacarıqlı insanlar yetişdirmək? Əgər təhsil yalnız reytinqə və nəticəyə köklənibsə, zəif və orta şagirdlər nə etməlidir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, sovet dönəmində repetitor anlayışı olmayıb: “Amma Amerika kimi hökumətlər də Sovet təhsil sisteminin üstünlüklərini təsdiq edir. Azərbaycanın özü 70 il ərzində nə qədər elm adamına, nailiyyətlərə sahib olub. Azərbaycan 1960-70-ci illərdə öz elminin və mədəniyyətinin intibah dövrünü yaşayıb. Bunu inkar etmək məntiqə sığmır. Amma düzdür ki, son illər biz beynəlxalq təhsil sisteminə inteqrasiya etdik və bu mənada bizdə repetitor anlayışı ortaya çıxdı. Bu repititorluq get-gedə kök saldı. Repetitorluq təzə çıxan vaxt ancaq ali məktəbə hazırlıq kimi ona baxırdılar və 10-11-ci siniflər bu xidmətdən istifadə edirdi. İndi isə 1-ci sinif şagirdi də repetitor yanına gedir. Belə meyllər ortaya çıxıb”.

Mütəxəssis vurğulayıb ki, hazırda ölkədə hazırlıq kurslarının sayı artıb. Bu isə bazar iqtisadiyyatı ilə bağlı olan məsələdir: “Ali məktəblərə ixtisas qrupları ilə qəbul həyata keçirilir və  repetitorluğun ən ziyanlı cəhəti odur ki, uşaq sadəcə ixtisası ilə əlaqədar olan fənləri öyrənir, digər mövzularda anlayışı olmur. Məktəbdə isə bunların hamısı tədris olunur. Təhsil sistemləşdirilmiş bilik-bacarıq və vərdişlər məcmusudur. Təhsil şagirdə sistemləşdirilmiş bilik verməlidir. Konkret hansısa bir sahə üzrə dərs keçilməli deyil. Repetitorluq ona xidmət edir ki, bizim gənclərimiz birtərəfli inkişaf edir. Ümumi dünyagörüşün formalaşması istiqamətində repetitorluq böyük zərbə vurur, o, məktəb mühitini dağıdır. Vaxt var idi ki, məktəbə müqəddəs məbəd kimi baxırdıq. Bizim ucqar kəndlərimiz var ki, valideynlərin övladını repetitor yanına göndərmə imkanı olmayıb, amma övladları məktəb hesabına ali məktəbə qəbul olub. Repetitorluq yalnız ali məktəbə qəbul olmaq baxımından faydalı ola bilər, ancaq bu, ümumtəhsil məktəbinin şagirdlərin həyatındakı rolunu inkar edə bilməz. Məktəb zəruridir. Bizim təhsil qanunvericiliyimiz var. Təhsil ümumi inkişafın təməlidir. Əgər biz bu təməlin üzərində seçmə və ayrı-seçkiliyə əsaslanan sistem qururuqsa, gələcəkdə sosial bərabərsizliyin daha da dərinləşməsi qaçılmaz olacaq”.