Yaxın aylarda – bu ilin sonu, gələn ilin əvvəlində Zəngilanda həyata keçirilən birinci və ikinci ağıllı kənd layihələrində yaşayacaq insanların oraya köçürülməsinə başlanacaq. Bununla da işğaldan azad edilmiş ərazilərimizə qayıdışa start veriləcək. Həmçinin, Şuşa şəhəri, Cəbrayıl rayonunun Böyükmərcanlı, Ağdam rayonunun əvvəlki cəbhə boyu ərazilərində də yenidənqurma işləri sürətlə aparılır. Bu da o deməkdir ki, həmin ərazilərə də qayıdışa yaxın vaxtlarda başlanılacaq.
Qayıdışla bərabər həmin bölgələrimizə yeni marşurut xətlərinin açılması da gündəmdədir. Görəsən bununla bağlı hazırlıq işləri nə yerdədir?. Bakı Beynəlxalq Avtovağzal Kompleksi prosesə hazırdırmı?
Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova hafta.az-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı müvafiq qərar olmalıdır, ona görə də öncədən heç bir məlumat verə bilmirlər:
“Azad olunmuş ərazilərdə İnfrastruktur layihələri sistemə uyğun aparılır. Əgər hər hansı bir qərar olsa biz özümüz məlumat paylaşacağıq”.
Nəqliyyat məsələlələri üzrə ekspert Rauf Ağamirzəyev isə düşünür ki, həmin ərazilərə marşurutların işləməsindən danışmaq hələ ki tezdir. Buna əsas səbəb isə yolların hazır vəziyyətdə olmamasıdır:
“Zəngilanda “ağıllı kənd” layihəsi yekunlaşmaq üzrə ola bilər. Amma bizim ora kimi hələ yolumuz hazır deyil. Gərək ilk əvvəl yollar hazır vəziyyətdə olsun, təhlükəsizlik təmin edilsin, daha sonra Bakı Beynəlxalq Avtovağzal kompleksi ora əlavə marşurut xətləri yaradacaq. Hazırda Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd magistralı çəkilməkdədir. Bu 6 zolaqlı yolun hazır olması bir qədər uzun – 2022-2023-cü illərə qədər - çəkəcək. Lakin mövcud yol təmir edilibsə, ola bilər ora marşurutların gediş-gəlişi təmin edilsin”.
Şuşaya gəldikdə isə, ekspert hesab edir ki, bura 1 il ərzində məhdud sayda reyslər açıla bilər:
“Bildiyim qədəri ilə “Zəfər yolu”nun tamamlanma işləri gedir. Bu yaxınlarda açılışı olmalıdır. Orada insanların yaşamasına icazə verilsə, yəqin ki bundan sonra marşurut xətləri açılar. Fikrimcə Şuşaya 1 il ərzində məhtud sayda reyslər açıla bilər. Ancaq hələlik bu haqda nəsə demək bir qədər tez olardı”.