"Yarışa hicabla qatılsaydım, camaat məni vəfasızlıqda günahlandırardı" - İranlı şahmatçı qadın

09:10 26.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Fikirləşdim ki, hicab bağlasam, camaat məni vəfasızlıqda, xəyanətdə günahlandırar. Bu isə mənə uyğun deyildi".

Hafta.az-ın The Guardian-a istinadən yazdığına görə, bunu Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Sürətli və İldırımlı Şahmat üzrə Dünya Çempionatında hicabsız iştirakı ilə bağlı 25 yaşlı iranlı qadın şahmatçı Sara Hadim deyib. 

Şahmatçının rejissorun həyat yoldaşı Ərdəşir Əhmədi də turnirdən əvvəl Sara ilə söhbətini belə izah edib: "O, mənə dedi ki, turnirdə iştirak etmək istərdim, amma hicab taxmayacağam. Mən də dedim ki, yaxşı, bu sənin qərarındırsa, dəstəkləyirəm".

Qeyd edək ki, Sara, Əhmədi və 11 aylıq oğulları Qazaxıstandakı turnirdən sonra İrana qayıtmayıb və İspaniyada məskunlaşıblar.

The Guardian xəbər verir ki, ailə İspaniyada ev sahibidir və orada yaşayış icazəsi alıb. Sara İspaniyadan sığınacaq almaq üçün hicabsız yarışmaya qatılması ilə bağlı iddiaları rədd edərək, “Bunun üçün heç bir siyasi vasitədən istifadə etmədik, onsuz da buna ehtiyacımız yox idi” deyib. Amma o, təhlükəsizlikləri baxımından İspaniyada yaşadığı şəhərin adını paylaşmayıb.

Cütlük uzun müddət ölkələrinə qayıtmamağı planlaşdırdıqlarını bildirsə də, Sara beynəlxalq turnirlərdə İranı təmsil etmək istədiyini bildirib.

Gənc şahmatçının yarışa hicabsız çıxması İranı ayağa qaldıran Məhsa Əmini etirazları ilə əlaqələndirilib.

Oxunma sayı 309