Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə nüvə danışıqlarında razılığa gəlməyə çalışarkən İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi “New York Post”a müsahibə verib.
Hafta.az-ın yazdığına görə, 1979-cu il inqilabından sonra İslam Respublikası adlanan ölkədəki administrasiyanı “radikalizm və terrorizmi ixrac edən və regional qeyri-sabitliyin əsas səbəbi olan döyüşkən rejim” kimi xarakterizə edən Pəhləvi, İran xalqının amerikalıların dostu olduğunu bildirib:
“İran xalqı xarici dünyaya aydın mesaj verməyə çalışır: 46 il əvvəl ölkəmizi girov götürən bu rejim deyil, biz sülhdə əsl tərəfdaş ola bilərik. Bu inqilab baş verməsəydi, biz heç olmasa Yaxın Şərqin Cənubi Koreyası olardıq, amma Şimali Koreya olduq”, - o, müsahibədə deyib.
Sürgündə olan Pəhləvi sülaləsinin 64 yaşlı lideri ABŞ-ın keçmiş prezidenti Co Baydeni İran xalqına arxa çevirməkdə ittihamlayıb və Demokratlar Partiyasının siyasətçisini Donald Trampla müqayisə edib: “Prezident Trampın ilk dövründə maksimum təzyiq siyasətindən bəzi faydalar gördük. Rejim daha sərt mühasirəyə alınıb və döyüş əməliyyatları məhdudlaşdırılıb. Təəssüf ki, Bayden administrasiyası dövründə bu siyasət tərsinə çevrildi. Onlar etməməli olduqları 200 milyard dollarlıq neft satışı ilə Husilər, Hizbullah və Həmas kimi vəkil təşkilatları qidalandırdılar və böyütdülər. Bu rejim azad dünya ilə bir araya sığmır. Onların davranışlarını dəyişdirmək səyləri vaxt itkisindən başqa bir şey deyil”.