170 min kitabı olan keçmiş döyüşçü ilə MARAQLI SÖHBƏT

13:02 16.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu dəfə kitablardan danışacağıq. O kitablardan ki, üzərini toz basıb, unudulub, biganə yanaşılıb. Elə isə yazıya Rey Bredberin bu fikri ilə başlamaq istəyirəm: “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır”.

Hamımıza məlumdur ki, günümüzdə kitaba sevgi, maraq yox olmaqdadır. Kitab oxuyanlar azalır, müasir texnologiya artıq kitaba olan sevgini heçə endirir. Lakin kitab hər zaman şəxsiyyətin yetişməsində mühüm rol oynayır. Nə qədər telefon, planşet və s. vasitələrlə əsərlər oxusaq da, onu kitabdan oxumağın həzzi ilə müqayisə etmək olmaz. Çoxları xatırlayar ki, son on illikdə köhnə nəşrlər kitabxanalardan yığışdırıldı, hətta, zibilliklərə atıldı. 

Hafta.az olaraq əlçatmayan, artıq tarixə qovuşmuş kitablar haqqında öyrənmək üçün şəhərdə araşdırma apardıq. Azərbaycan Dövlət Dram teatrının qarşısında oturan bir yaşlı kişi dedi ki, belə kitabxana çox az qalıb, amma sizə ünvan verim gedin. Orada istədiyinizi tapa bilərsiniz.

Baş alıb həmin ünvana getdik. Oradan da bildirdilər ki, artıq həmin kitab satılan yer bağlanıb. Bir az üzülsək də, axtarışa davam etdik. Nəhayət ki, həmin kitab satılan ünvanı tapdıq.

Gəldiyimiz ünvan kitab satılan yerdən daha çox heyvanat bağçasına oxşayır. İçəri girdiyimizdə xeyli it görürük. Amma məqsədimiz kitabları görməkdir. Həmin həyətə daxil oluruq, bir nəfər qarşılayır. Buranın rəhbəri Qulaməli Babayevdir.

İlk başdan razı olmasa da, nəhayət yola gətirə bilirik. İçəri daxil olmağa icazə verir. Kiçik, çox da geniş olmayan bir qaranlıq otağa daxi oluram. Rütubət çəkmiş bu otaqda xeyli kitab var. Kitabların çoxu isə rus dilindədir. Kirilcə olan kitablar isə olduqca çoxdur. Bu kitaları hardan, necə alınması haqqında Qulaməli bəylə söhbətə başladıq:

- Neçə ildir kitab işi ilə məşğulsuz?

- 1995-ci ildə kitablar toplamağa başladım. Müharibədə yaralanmışam. Ondan sonra ancaq kitab satıram.

- Bu qədər kitabı haradan alırsız?

- Mən kitab almıram. O vaxt kitabxanalardan köhnə kitabları yığıb atanda, onları götürmüşəm. İndi isə, kitabxanalar belə məndən kitab almağa gəlirlər. Elə şəxslər olur gəlib deyir ki, belə bir kitab axtarıram, amma tapa bilmirəm. Məhz o kitab məndə olur.

- İndi daha nəfis kitablar çap olunur. Bu kitablara tələbat varmı?

- Bu kitablar tarixdir. Keçmiş var köhnə dediyiniz kitablarda. Yeni kitabların olması yaxşıdır. Amma elə köhnə kitab var ki, onun yeni variantı yoxdur. O halda hardan tapmaq olar? Kitabxanalardan? Kitabxanalar özləri bu kitabları zibilliklərə atdılar, yandırdılar.

- Bəs bu kitabları satmaqla maddi gəlir əldə edə bilirsiniz?

- Maddi gəlirdən daha çox zövq işidir. Kitabı sevmək lazımdır. Pensiya alıram. O mənə yaşamağa bəs edir. Amma bu kitablarla məşğul olmaq mənə zövq verir. İndi çox səliqəsiz vəziyyətdədir. Yeni ünvana köçəcəyik. Burada müvəqqətiyik. Onda hər kitabı öz yerində tapmaq olacaq.

Həmsöhbətimiz deyir ki, 170 min kitabı var: “Mən harada köhnə kitab görsəm onu götürüb öz kitabxanama əlavə edirəm. Bəzən getdiyim yerdə köhnə kitab görürəm, orada kitab kimi yox, əşya kimi baxırlar. Mən xahiş edib o kitabı ondan alıram.

Qulaməli Babayev deyir ki, əvvəllər özü də kitab oxuyan olub: “Gəncliyimdə çox oxuyurdum. İndi bir gözüm görmür. Amma yenə çalışıram kitab oxuyum. Kitab oxumaq insana xeyir verə bilər. Heç kim kitab oxumaqdan zərər görə bilməz. Əsas odur sevəsən.

Maraqlıdır ki, bu kitablar neçəyə satılır. Müsahibimiz qiymətlərlə bağlı bunu deyir:

“50 qəpikdən başlayaraq müxtəlif qiymətə kitablar var. Elə yerlər var ki, 15 manata satır. Lazımlı kitabdır deyə belə baha qiymətə satırlar. Mən isə o kitabları 3-5 manata satıram”.

Digər otaqlara da keçəndə görürəm ki, burada bədii əsərlərdən daha çox elmi əsərlər yer alır. Sovet dövründə nəşr olunan rusdilli kitablar üstünlük təşkil edir. Həmçinin 2000-ci ildən bu günə qədər çap olunan  elmi, bədii əsərlər də az deyil.

Qulaməli Babayevin dediyinə görə, tez-tez mətbuatdan gəlirlər: “Mən özüm müsahibə verməyi sevmirəm. Sizə də danışmayacağdım. Amma çox sual verirsiniz. Bilmirəm, deyəsən məqsədiniz məndən nəsə qoparmaqdır(gülür). Amma işçim var ki, o məlumat verə bilər. Bir də kitablar varkən, biz nə danışa bilərik?”.

Həqiqətən heç nə danışmaq olmur. Kitablardan gələn qoxu çox gözəldir. Anlaşılan odur ki, kitablar qocalmır. Üzü köhnəlsə də, ruha, beyinə yaxındır.

Bu mağazada antikvar əşyalar da var. Az da olsa Qulaməli bəy əlinə keçənləri alıb saxlayıb. Birinci dünya müharibəsi dövründən qalan kitablarlarla yanaşı, köhnə radiolar, sovet dönəminin əşyaları da satılır.

O deyir ki, gələcəkdə səliqəli, sahmanlı bir mağaza yaratmaq niyyətindədir. Çünki kitab işinə sevgisi böyükdür.

Sonda isə yenə də fikrimi Frensis Bekonun aforizmi ilə yekunlaşdırmaq istəyirəm: “Kitablar - zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”.