Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün bir daha araşdırılır və burmənalı olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında xidmətləri bir daha önə çıxarılır.
1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, o dövrdəki Azərbaycan rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi faktı kimi bu gün Azərbaycanın müasir tarixinə imza atan daklat kimi dəyərləndirilir.
Bu istiqamətdə hafta.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov mühüm faktlara diqqət çəkib.
E.Nəsirov bildirib ki, 1990-cı ilin 20 iyul tarixində Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana qayıdan H.Əliyev bu qədim Azərbaycan torpağını erməni işğalından hifz edə bildi:
“Qədirbilən Naxçıvan əhalisi bir yumruq kimi ulu öndərin ətrafında birləşdi. Bu birlik sayəsində Naxçıvan şəhəri Azərbaycanın qurtuluşuna gedən tarixi proseslərin mərkəzinə çevrildi. 1990-cı il 17 noyabr tarixində Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamentinin sessiyasında Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü. “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz olundu. Azərbaycan Xalq Cümhuriyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqləndi. Dövlət gerbi haqqında qərar qəbul edildi ki, məsələ araşdırılsın və konkret təkliflər Ali Məclisin müzakirəsinə verilsin. Eyni zamanda AXC-nin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi və digər dövlət atributlarının bərpası məsələsinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Soveti qarşısında qaldırılması haqqında qərar qəbul edildi.
Nəticədə 1991-ci il fevralın 5-də ulu öndər Heydər Əliyevin tarixi təşəbbüsü reallaşdı. Belə ki, həmin gün Azərbaycan Respublikasının Ali Sovetinin sessiyası “Azərbaycan SSR” adının “Azərbaycan Respublikası” adlandırılması, AXC-nin bayrağının Dövlət bayrağı kimi təsis edilməsi haqqında qərar verdi. 1991-ci il 17 mart tarixində SSRİ-nin saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Bu addımı ilə zəmanəmizin dühası olan Heydər Əliyev növbəti tarixi uzaqgörənliyə imza atdı, böyük qorxmazlıq və cəsarət nümunəsi sərgiləmiş oldu”.
E.Nəsirov qeyd etdi ki, H.Əliyev eyni cəsarət, prinsipiallıq və vətənsevərliyi 1990-cı il 20 Yanvar faciəsinə münasibətdə bir daha nümayiş etdirdi:
“Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı nümayandəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı açıq ittihamlarla çıxış etdi. Qətliama görə birbaşa məsuliyyət daşıyan SSRİ və Azərbaycan rəhbərliyini ifşa etdi. Bu bəyanatdan daha da hiddətlənən SSRİ prezidenti Mixail Qorbaçov Heydər Əliyevin həbsinə qərar versə də, son nəticədə onu icra etməyə cəsarəti çatmadı.
Beləliklə, 20 Yanvar faciəsində qanlı təcavüzə məruz qalmış Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıran yeganə şəxsiyyət - ümummilli lider Heydər Əliyev oldu. Məhz xalqımıza qarşı bu amansız hərbi təcavüz cinayətinə cavab olaraq Heydər Əliyev Sovet İttifaqı Kommunust Partiyasının sıralarını tərk etdi. 1990-cı il iyulun 19-da Heydər Əliyev partiya sıralarından çıxmaq barədə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciət etməklə bu addımı rəsmiləşdirdi”.
Millət vəkili bildirdi ki, xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanılıb, daha da möhkəmləndirilib və inkişaf etdirilib. Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir:
“Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi”.