Ötən ilin dekabrında meydana çıxan “COVİD-19” virusu bir müddətdən sonra pandemiyaya çevrildi. Əvvəlcə Çin olmaqla dünyanın aparıcı ölkələrinin iqtisadiyyatını silkələdi. Bir-birinə bağlı olan dünya ölkələrinin iqtisadi sistemi zədələndi. Amerika Birləşmiş Ştatları, İtaliya, Çin, İspaniya kimi ölkələr pandemiyaya çevrilmiş mərəzin əlində aciz qaldıqlarını sonradan etiraf etdilər. Dünyanın inkişaf etmiş və inkişafda olan ölkələrin iqtisadiyyatları ilə yanaşı, sosial sferaları da ciddi zədə aldı. İdxal və ixrac əməliyyatları məhdudlaşdırıldı. Səhiyyə sistemləri həyəcan siqnalı çalmağa başladı.
Bir sözlə, dünya iqtisadiyyatı ciddi böhranın məngənəsində sıxışmaqdadır. Ölkə prezidenti İlham Əliyevin təbirincə desək, bəşəriyyəti 2008-2009-cu illərdə baş vermiş böhrandan da ağır bir durum gözləyir. Azərbaycan İtaliya və İspaniya kimi güclü səhiyyə sisteminə malik ölkələrdən fərqli olaraq, ilk gündən sayıqlığı itirmədi. Ölkə başçısı ilk gündən hər şeyi nəzarətə götürdü. Bütün lazimi tədbirlərin görülməsi üçün əməli addımların atılması ilə bağlı göstərişlərini verdi.
Təbii ki, prezidenti qayğılandıran əsas məsələ Azərbaycan xalqını virusdan qorumaq idi. İlk növbədə təhsil müəssisələri fəaliyyətini dayandırdı. İdxal və ixrac əməliyyatları istisna olmaqla ölkəyə giriş-çıxış qapadıldı. “Evdə qal, sağlam qal” kampaniyasına start verildi. 65 yaşından yuxarı şəxslərin, daha sonra hər kəsin küçəyə çıxması yasaqlandı. Ciddi karantin rejimi nəticəsində qonşu İran və Türkiyədən fərqli olaraq Azərbaycan koronavirus pandemiyasına qarşı zirehli tədbirlər görməyə başladı.
Artıq Ukrayna, Qazaxıstan, Moldova, Bosniya-Hersoqovina, Şimali Makedoniya kimi ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməkdədir. Bir sözlə, Azərbaycan koronavirusla mübarizədə də dünyaya yeni bir model təqdim etməyi bacardı.
Ardınca ölkə başçısı sərəncamlar imzaladı. Genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilməyə başlandı. Əvvəlcə 200 min insan 190 manatlıq sosial təminat vəsaiti ilə təmin edildi. Daha sonra bu məbləğ ölkə prezidentinin göstərişi ilə 600 min insana şamil olundu. İşsizlərlə bağlı problemlər də öz həllini tapmaqdadır. Sahibkarlara dəymiş ziyanın bir hissəsi dövlət tərəfindən həyata keçirilir. Bütün bunlar ölkə başçısının qətiyyətli addımları, iradəsi və ölkə iqtisadiyyatının gücü ilə gerçəkləşir.
Prezident Novruz bayramı öncəsi - 2020-ci ilin 19 martında sərəncam imzaladı. tarixli Sərənama əsasən Tədbirlər Planı təsdiq edildi. Tədbirlər Planı məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbiri özündə əks etdirirdi. Bundan 28 gün sonra yəni, aprelin 17-də ölkə başçısı tərəfindən elan edilən yeni dəstək tədbirlərinə başlanıldı. Beləliklə, 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılaraq icra mərhələsinə start verildi.
Artıq bir sıra ekspertlər, ictamiyyət nümayəndələri də bir xüsusu diqqətə çatdırırlar. Onlar deyirlər ki, insanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb.
Təkcə bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Ölkə rəhbərinin birbaşa göstərişi ilə sahibkarlar və bu istiqamətdə fəaliyyətlə məşğul olanlar da unudulmadı. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılmaqdadır. Əvvəlcə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirildi. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi.
Onu da xüsusi vurğulamaq yerinə düşər ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması dövlətin ciddi nəzarətindədir. Bunun qarşısını almaqla bağlı aidiyyatı qurumlara dəfələrlə tapşırıqlar verilib. Ümumiyyətlə, ixtisarlara yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Hətta qurumdan verilən məlumata görə, bu məsələyə gündəlik nəzarət edilir.
Hazırda ölkəmizdə həyata keçirilən dəstək proqramlarında iş yerlərinin və əməkhaqlarının qorunması ən ümdə vəzifədir. Bu məqsədlə dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün mühüm işlər aparılıb. Həmçinin elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu işlərin əhatə dairəsinə nəzər salanda görürük ki, 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) dövlət qayğısını öz üzərində hiss edib.
Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması indiki məqamda həsas xarakter daşıyan nüanslardandır. Xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub. Bunu öz yanımızdan demirik. Statistik göstəricilər ortadadır.
Prezidentin sərəncam və tapşırıqlarına, eləcə də hökumətin həyata keçirdiyi tədbirlərə əsasən koronavirus pandemiyasının hədəfə aldığı özəl sahibkarlıq sahələrində çalışanlar da unudulmadı. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödəniləcək. Bunun üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Həmçinin 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır. Artıq bu yöndə ilkin addımlar da atılıb. Proses ümumi fonda davam etdirilir. Ümumi işartıları göstərmək üçün ilkin mərhələdə atılan addımların bir hissəsini sadalamaq kifayətdir.
Belə ki, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Müvafiq dövlət qurumlarının ictimaiyyətə açıqladığı statistik göstəricilər də dediklərimizin əyani sübutudur; yəni, ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib. Hazırda onlar işləməyə davam edirlər. Təkcə iki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan daha önəmli məqamlar güzəştli işıq limitinin aprel-may aylarında 100 kilovatsaat həcmində artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsidir.
Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır.
Aprel ayının 9-dan 17-dək olan müddətdə (cəmi 8 günə) ümumilikdə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin olunub. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. 190 manat birdəfəlik müavinət verilməsi üçün iki ay müddətində dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək.
Dövlət başçısının tapşırığı əsasında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən həssas ailələrdən olan 22 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödəniləcək. Pandemiya dövründə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycan hakimiyyətinin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir. Birmənalı olaraq, bütün məsuliyyətimlə deyə bilərəm ki, xüsusi karantin rejimi qüvvədə olduqca, xalqımız bütünlüklə dövlətimizin və prezidentimizin diqqət və qayğısı ilə əhatə olunacaq.
Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.
Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Dövlətimizin başçısına ünvanlanan minlərlə məktubda sadə vətəndaşların onlara göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissələri ifadə olunur.
Bir sözlə, pandemiyanın dünya iqtisadiyyatına zərər vurduğu bir vaxtda, ölkələr illik büdcələrinə yenidən baxılması barədə qərarlar qəbul edir. Azərbaycanda da 2020-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinə yenidən baxılması barədə qərar qəbul edilib. Büdcədə daha çox sosial layihələrə vəsaitin ayrılması nəzərdə tutulub. Bu da öz növbəsində təbii ki, pandemiya dövründə əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun həyata keçirilməsinə xidmət edəcək. Artıq Xalq öz Prezidentinə gördüyü işlərə və onların yanında olduğu üçün ölkənin birinci adamına müxtəlif regionlardan təşəkkür məktublarını yağdırırlar.
Ökə vətəndaşları fərqindədirlər ki, onların seçdiyi dövlət rəhbəri çətin dövrlərdə, günlərdə hər zaman öz xalqına ləyaqətlə xidmət etməyi bacardı. Hazırda da bu xidməti prezident davam etdirir. Dövlət başçısı çətin günlərdə ölkənin bu qədər iqtisadi itkiləri olduğu halda bütün dünyanı cənginə alan pandemiya ilə mübarizə tədbirlərində yalnız və yalnız Azərbaycan insanının sağlamlığını, rifahını düşündü.
Azərbaycan insanının bu proseslərdən itkisi çıxması və zərər görməməsi üçün öz iradəsini, bacarığını ortaya qoydu. Pandemiya ərəfəsində ölkə başçımızın insanlarla görüşlərində, təmaslarında, müxtəlif KİV-lərə müsahibələrində, müxtəlif açılışlarda, müraciətlərində yalnız və yalnız ana xətti o təşkil etdi ki, dövlət vətəndaşın, insanların yanındadır. Hər bir Azərbaycan vətəndaşı öz arxasında güclü, qüdrətli Azərbaycan dövlətini görə biləcək. İnsanlardan yalnız bir xahiş oldu ki, evdə qalsınlar və karantin rejiminin tələblərinə əməl etsinlər.
Bu çətin ərəfədə cənab Prezidentin yeritdiyi siyasətin qarşısında ilk növbədə Azərbaycan vətəndaşı və insan amili durduğu üçün xalq yaxşı başa düşür ki, çıxış yolu da yalnız cənab Prezidentimizin həyata keçirdiyi siyasəti dəstəkləməkdir. Bunun üçün də cənab Prezidetimizin gördüyü işləri Azərbaycan xalqı birmənalı olaraq dəstəkləyir. Məhz ona görə də ölkəmizin hər bir guşəsindən ölkə Prezidentinə minnətdarlıq və təşəkkür məktubları gəlir.