AQTA meyvə bağlarını cibcibə virusundan qorumağın yollarını açıqlayıb

15:43 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cibcibə virusu (Şarka virusu) gavalı, ərik, şaftalı və nektarin kimi çəyirdəkli meyvə ağaclarının ən təhlükəli virus xəstəliklərindən biridir. Bu virus məhsuldarlığın azalmasına, meyvələrin keyfiyyətinin pisləşməsinə və ağacların zəifləməsinə səbəb olur.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün yalnız sertifikatlaşdırılmış əkin materiallarından istifadə edilməli, bağlarda mütəmadi fitosanitar müşahidələr aparılmalı, budama və digər aqrotexniki tədbirlər zamanı istifadə olunan kəsici alətlər dezinfeksiya edilməli, həmçinin virusun əsas daşıyıcılarından olan mənənələrə və alaq otlarına qarşı vaxtında mübarizə aparılmalıdır.

Ağaclarda xəstəlik əlamətləri müşahidə edildikdə, dərhal aidiyyəti qurumlara məlumat verilməsi və yoluxmuş bitkilərin müəyyən olunmuş qaydada məhv edilməsi tövsiyə olunur.