İmtahanların nəticələri ilə bağlı apellyasiya qeydiyyatı sabahdan başlayır

18:20 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzində (DİM) iyulun 12-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.

DİM-dən hafta.az-a bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyən abituriyentlər iyulun 29-u saat 10:00-dan iyulun 31-i saat 17:00-dək Mərkəzin internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciət edilən tapşırığın nömrəsi seçilməli, müraciətin məzmunu və qiymətləndirmə meyarının müvafiq bəndi göstərilməlidir. Müraciətin məzmunu qeyd edilmədiyi halda ərizə qəbul olunmur və araşdırılmır.

Apellyasiya prosesində müraciət olunan bütün işlər araşdırılır, müvafiq tapşırıqlar üzrə ekspert rəyləri ərizələrə əlavə edilir. Proses başa çatdıqdan sonra abituriyentlərə SMS bildirişi göndərilir. Bundan sonra onlar “apelyasiya.dim.gov.az” portalına daxil olaraq nəticələrlə tanış ola və ekspert rəyini çap edə bilərlər.

Cavab kartında və ya cavab vərəqində təlimata uyğun olmayan formada qeyd edilmiş cavablarla bağlı müraciətlərə baxılmır. Buraya optik qurğu tərəfindən səhv kimi qeydə alınan düzəlişlər, o cümlədən qapalı tipli suallarda iki cavab variantının qaralanması kimi hallar daxildir.

Abituriyentlərə tövsiyə olunur ki, apellyasiya müraciəti etməzdən əvvəl DİM-in saytında yerləşdirilən nəticələr, cavab vərəqlərinin qrafik təsvirləri və açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olsunlar.

Əvvəlki illərin təcrübəsinə əsasən, apellyasiya üçün müraciət edənlərin bir hissəsi tapşırıqlara cavab vermədən və ya qiymətləndirmə meyarları ilə tanış olmadan ərizə təqdim edir. Bu xarakterli müraciətlər araşdırılmayacaq.