2021-ci il Zəfər, Veteranlar, Qarabağ, Qayıdış, Əsgərlər... ili elan olunsun - SORĞU

10:55 25.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti hesab olunur. Ölkəmizdə könüllü gənclərin fəaliyyəti Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra formalaşmağa başlayıb. Bundan sonra isə onun yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” qanun təşkil etdi.

On maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci il Könüllülər ili elan olunmuşdu. Bəs görəsən, bu il ölkədə könüllülərin fəaliyyəti nə cür qiymətləndirildi?  2020-ci il könüllülər üçün necə yadda qaldı? Növbəti il hansı adla simvolizə edilə bilər?

Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı suallarını siyasi, idman, mədəniyyət sahəsinin sevilən simalarına ünvanladı.

İlk olaraq, Azərbaycan Klönüllü Təşkilatları İttifaqının proqram direktoru Ceyhun Bayramov 2020-ci ildə könüllülərin fəaliyyəti ilə bağlı fikirlərini bizimlə bölüşdü. O dedi ki, bu il – Könüllülər İlində könüllülər çox böyük rol oynamış oldular. Həm pandemiya müddətində, həm də müharibə şəraitində:

"Pandemiya dövründə cənab Prezidentin çağırışına əsasən,  27 mart 2020-ci il tarixdə, artıq bütün ölkədə olan könüllü təşkilatları birləşərək, vahid mərkəz - Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzini yaratdılar.  Bundan sonra, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən atılan addımlara dəstək məqsədilə bir neçə müxtəlif aksiyamız oldu. Elə ilk aksiyalarımızdan biri "Böyüklərimizi qoruyaq" adı altında keçirildi. Mart ayının sonlarında, xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 65 yaşdan yuxarı şəxslərin təhlükəsizliyini qorumaq məqsədilə Nazirlər Kabineti qərar vermişdi ki, onlar bayıra çıxmasınlar. Bununla bağlı olaraq bizim könüllülər 11 mindən çox belə şəxsə ərzaq sovqatlarının çatdırılmasında birbaşa iştirak etdilər. Bu zaman 300-dən çox könüllü respublikanın 35 şəhər və rayonunda fəaliyyət göstərdi. Müharibə dövründə könüllülərimiz, əsasən, informasiya müharibəsində iştirak etdilər. Bu zaman "Mətbuat səngəri" layihəsi başladıldı. Layihə çərçivəsində könüllülər müəyyən qruplara ayrıldılar. Bir qrup günün müəyyən vaxtlarında konkret haştaqlarla paylaşımlar edir, digəri erməni yalanlarını sosial şəbəkə üzərindən faktlarla ifşa edərək, düşmənə layiqli cavab verdilər".

C.Bayramov 2021-in hansı il elan edilə biləcəyi məsələsinə də öz münasibətini bildirdi:

"Düşünürəm ki, növbəti il ərazi bütövlüyümüz təmin olunduğuna görə, Zəfər İli elan oluna bilər. Bu istiqamətdə işğaldan azad edilmiş ərazilərdə könüllülərin fəaliyyəti ilə, orada sahibkarlıq obyektlərinin qurulması, infrastrukturun daha da inkişaf etdirilməsi baxımdan il ərzində daha böyük işlər görülə bilər".

Daha sonra, Milli Məclisin deputatı Nigar Arpadarai bu il könüllülərin fəaliyyətini yüksək qiymətləndirdiyini söylədi:

"Doğrudan da bu ilin elə adına layiq olaraq Könüllülər İli olduğunu düşünürəm. İlin  əvvəlindən başlayaraq pandemiya, karantin şəraiti və digər çətinliklər oldu. Bu müddətdə könüllülər çalışdılar ki, həm yaşlıların yanında  olsunlar, həm də aztəminatlı ailələrə yardım edilsin, yəni hər cür yardımlarda iştirak etdilər. Biz bunu yüksək qiymətləndiririk. Növbəti il, məncə, veteranların ili olmalıdır. Burada bütün veteranları, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin veteranlarını qeyd edərdim.  2020-ci il bütün çətinliklərinə baxmayaraq, bizim üçün özəl il oldu, Azərbaycanın tarixinə yazılacaq bir il oldu. Biz Vətən müharibəsində parlaq qələbəmizi qazana bildik. Əlbəttə ki, bu qələbəni bizə gətirən əsgərlərimiz, rəşadətlə döyüşən hərbçilərimiz oldu. Ona görə mən növbəti ilin Veteranlar İli olmasını təklif edərdim”.

Tanınmış yazıçı, jurnalist Fəxri Uğurlu isə növbəti ilin Qarabağ İli elan edilməsi təklifini irəli sürdü. O deyir ki, bu il Qarabağ işğaldan azad edildi, növbəti ildə də Qarabağ İli adı altında burada abadlıq və yenidənqurma işləri aparmaq məqsədəuyğun olardı.

Tanınmış iqtisadçı Natiq Cəfərli söyləyir ki, bu ilin ən yaddaqalan hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi oldu.  Çox güman ki, növbəti ilin elə bu hadisəyə aid olan simvolik kəlmə ilə “Qarabağ İli”, yaxud “Qayıdış İli”  elan edilməsi daha məqsədəuyğun olardı:

“2021-ci il işğaldan azad edilmiş torpaqların gələcəyi ilə bağlı ciddi işlərin başlanğıcı ili olacaq. Düşünürəm ki, növbəti il azad edilmiş ərazilərin və buradakı infrastrukturun bərpasının, bu səpkidə görüləcək işlərin artırılacağının şahidi  olacağıq. Bir də 2021-ci ildə sərhədlərin möhkəmləndirilməsi məsələsi önəmli olacaq. 500 kilometrə yaxın, İran və Ermənistan sərhədi düşməndən təmizləndi. Həmin sərhəd zastavalarının tikilməsi, sərhədlərin möhkəmləndirilməsi, təhlükəsizlik qaydaları gələn il üçün ən vacib prioritetlərdən biridir.

Gənc müğənni Ayaz Babayev  bildirir ki, tək bu il yox, elə hər zaman könüllülərin fəaliyyətini yüksək qiymətləndirirəm.

"Çox həvəsli gənclər var və düşünürəm, əksəriyyəti öz öhdəliyinə düşən işi layiqincə yerinə yetirir. Növbəti ilin Əsgərlər İli kimi qeyd edilməsini çox istərdim. Zamanında Anar Məmmədxanovun Milli Məclisdə çıxışı var idi –  əsgərlər bu ölkənin elitası olmalıdır, hər yerdə əsgərə sayğı, hörmət, dəstək göstərilməlidir. Ona görə istərdim ki, növbəti il Əsgərlər İli olsun. Əlavə nə qərarlar, addımlar atılmalıdır, onu dövlət daha yaxşı bilir. Xalq olaraq bizə nə tapşırırlarsa, onu da edək... Əsgərlər İli həm də şəhidlər, qazilər ili deməkdir.  Bu il xalq olaraq onlar üçün hər şey edək,  növbəti illərdə də bu dəyişilməz qalsın.

Fikrimcə, əsgərlərə hədsiz çox imtiyazlar və xüsusi kartlar verilsin. Məsələn, mən bankdan kredit götürərkən faizini 1% də artırsınlar,  əsgərə isə o kartla faizsiz kredit təklif edilsin. Bundan başqa, onlara pulsuz ictimai nəqliyyat, market və mağazalarda xüsusi endirim kartı, bu kimi başqa güzəştlər olsun”.

Gənc idmançı, Avropa Oyunlarının qalibi Ayxan Tağızadə də növbəti ilin Qarabağ müharibəsinə və onun qəhrəmanlarına həsr edilməsi təklifini irəli sürənlər arasındadır.

"Biz bu il İkinci Qarabağ müharibəsində tarix yazdıq. Düşünürəm ki, 2021-ci il müharibəyə, əsgərlərə, şəhidlərə aid bir ad olsa daha yaxşı olar".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1”,  digər mötəbər və irimiqyaslı tədbirlərə onminlərlə könüllü cəlb olundu.