Şəhid leytenant Emin Rəşadət oğlu Sadiqovun (21 iyul 1998-ci il, Şahbuz rayonu, Şahbuzkənd kəndi – 26 oktyabr 2020-ci il, Füzuli rayonu) əziz xatirəsinə.
Həyat, həqiqətən də çətin, maraqlı və olduqca da qəribədir... Bununla bağlı şeirlər də, mahnılar da boşuna yazılmayıb. Heç bir insanın taleyi başdan-sona qədər bir-birinə bənzəmir. Hər insan özündə başqa bir dünya, başqa bir tale, sirli bir aləmdir. Bəzi talelər mənfi, bəziləri isə müsbət mənada bundan sonra yaşayacaq insanlara nümunə olaraq sona yetir. İnsanlar və onların taleləri ilə bağlı bir fərziyyə də var ki, bəzən yeni doğulan körpəyə verilən ad sonrakı illərdə onun taleyinə çevrilir. Bəzən bu ad həyatın, bəzən isə əbədiyyətin nişanəsinə, səbəbinə çevrilir. Bəzi hallarda sözün əsl mənasında, adı ilə böyüyür insan, adı onun həyatına çevrilir.
44 günlük şanlı Vətən müharibəsində bunun bir daha şahidi olduq ki, üzləri də, özləri də, adları da başdan-başa gözəl olan şəhidlərimiz bu gözəlliyi, bu nəcibliyi sonda öz şəhadətləri ilə sübut etdilər. Təkcə onlar yox, onların əmanətləri də bu ada layiq davranaraq öz gözəl əməlləri ilə hər kəsə örnək oldular. Eynən şəhid leytenantımız, 22 yaşında, həyatında açmış ilk bahar güllərini Vətən uğrunda düşünmədən solduran, yazını qışa çevirən Emin Rəşadət oğlu Sadiqov kimi...
Şəhid leytenantımız Emin Rəşadət oğlu Sadiqov 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuzkənd kəndində dünyaya göz açmışdır. İlk təhsilini 2004-cü ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə almağa başlayan Emin 2008-2010-cu illərdə şəhərin 7 nömrəli məktəbində təhsilini davam etdirmişdir. Bu illər Emin üçün çox ağır və çətin illər olmuşdur. Ona görə ki evinin əsas sütunu, dəstəyinə hər zaman ehtiyacının olduğu atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə — Emin 11 yaşında ikən haqq dünyasına qovuşmuşdur. Balaca Emin ailəsinin başına gəlmiş bu böyük faciədən nə qədər sarsılsa da sonda özünü toparlayaraq ayaqları üzərində dura bilmişdir. Emin həmin vaxtdan şəhadətə ucalanadək anası Gülşad xanım ailənin heç bir əskiklik, sıxıntı, heç nədən korluq çəkməməsi üçün öz ömrünü ailəsinin yolunda şam kimi əritmişdir. Emin də bu yolda anasına dəstək olmuşdur. Ömrünün ilk illərində yaşadığı çətinliklər onun əsl əsgər kimi yetişməsində, polad kimi bərkiməsində böyük rol oynamışdır. Bəlkə, buna görə də Emin hərbçi olmağı çox istəyirdi. Həyatın sərt üzünə qarşı əsl düşmən kimi mübarizə aparan Emin vətənimizin düşmənlərinə qarşı mübarizədə çətinlik çəkməyəcəyini düşünür və doğru da düşünürdü.
Emin 2010-cu ildə yenidən 2 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışdır. Orta təhsilinə başladığı vaxtdan Eminin qəlbində vətən sevgisi, vətənə xidmət borcunun dərki ən yüksək səviyyədə özünü göstərmişdir. Təsadüfi deyil ki, Emin hələ 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olaraq həyatını şərəfli hərbi xidmət sahəsinə bağlamışdır. 2015-ci ildə liseydən nümunəvi nəticələrlə məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2019-cu ildə ali hərbi təhsilini başa vuraraq illərlə həsrətini çəkdiyi, ürəkdən, candan arzuladığı leytenant rütbəsini daşımağa, zabit şərəfinə çatmağa nail olmuşdur. Gənc leytenant ilk peşə fəaliyyətinə Qazax rayonunda başlayanda, bəlkə də bilmirdi ki, 21 illik ömrünü yolunda sərf etdiyi zabitlik həyatı ona heç bir il yarım da qismət olmayacaq. Bu dünya onun üçün fanidən fani olduğundan əsl həyatı əbədiyyətdə başlayacaq...
Emin çox sevdiyi işdə çalışaraq həyatının, bəlkə də ən gözəl günlərini yaşadığı bir vaxtda bütöv bir ölkənin tarixinə əbədi yazılan 2020-ci ilin sentyabr ayı gəlir. Sentyabrın son günləri alınan xəbər və ondan sonra gələn məlumatlar 50 milyonluq Azərbaycan xalqını həm sevincli, həm də kədərli düşüncələr dəryasına qərq etmişdir. Təbii ki, əzəldən ömrünü vətənə bağlamış vətən oğlu Emin də Qarabağın işğaldan azad edilməsi üçün “Dəmir Yumruq” əməliyyatının başlanmasını ilk bilənlərdən olmuşdur. Qəlbi ilə, ruhu ilə alovlu döyüş meydanlarında düşmənləri qanına qəltan etməyə can atmışdır. Bu müqəddəs və hər kəsə qismət olmayan böyük vəzifəni yerinə yetirmək Eminə 5 oktyabr tarixində Füzuli torpağında nəsib olmuşdur. Həmin vaxtdan Emin torpaqlarımızın azadlığı uğrunda var qüvvəsi ilə vuruşmuş, döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərmişdir.
Ailəsi və sevdikləri Emin üçün narahatlıqlarını zaman-zaman gizlədə bilməsələr də onun vətən yolunda başlatdığı bu haqq savaşında sonadək mübarizə aparacağına, müharibədən gənc veteran zabit kimi qayıdıb xidmətinə qaldığı yerdən davam edəcəyinə sonsuz ümidli idilər. Emin od-alovlu döyüş meydanını gözündə o qədər kiçiltmişdi ki, yaşam üçün bir dəqiqəsinə belə zəmanətin olmadığı müharibənin əsl təhlükəsini heç kimə bildirmirdi. Uşaqlığı “Cənab leytenant” mahnısı ilə keçmişdi Eminin... Vətənin bu dar günündə ona mütləq cənab leytenant – Emin Sadiqov hay verməli idi. Emin isə həyatın hər anında olduğu kimi döyüş meydanında da hər kəsin hayına yetməyə çalışırdı. Bu etdiyi qardaş köməyinin sonunun şəhadət olacağını bilsə də əlindən gələn köməyi əsirgəmirdi Emin. Həmişə vaxtında hamının hayına yetən bu gənc 26 oktyabr 2020-ci ildə komandiri baş leytenant Rauf Vaqif oğlu Əsgərovun yaralandığını görəndə köməyə ehtiyacı olanın çağırışına sonuncu dəfə hay verdiyini hələ bilmirdi. Qəfil gələn yağı düşmən gülləsi nəticəsində bu iki böyük qəhrəman şəhidlik zirvəsinə birlikdə yüksəldi. Emin özündən sonra qısa ömrünün böyük dastanını, qürurlandıran şəhadət hekayəsini bizlərə miras qoyaraq 30 oktyabr tarixində doğulduğu Şahbuzkənd kəndində torpağa tapşırıldı. Şəhid qəhrəmanımız leytenant Emin Rəşadət oğlu Sadiqov ölümündən sonra cənab prezident İlham Əliyevin sərəncamlarına əsasən III dərəcəli “Rəşadət” ordeni, eləcə də “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məqaləmin əvvəlində qeyd etdiyim iki məsələni sonlara doğru təfərrüatı ilə oxucuların diqqətinə çatdırmaq istərdim. Emin Sadiqov əbədiyyətə ucaldı. Lakin onu ucaldan təkcə əbədiyyətə necə çatması olmadı. Ondan sonra onun adı ilə görülən işlər də onu bir o qədər uca zirvələrə qaldırdı. Bu məqamda şəhidimizin əziz anası Gülşad xanım Rüstəmova barədə məlumata toxunmaya bilmərəm. Tibb bacısı peşəsində çalışan Gülşad ana öz oğlunu Vətən torpağına əmanət etdikdən sonra onun adını fani dünyada əbədiləşdirmək üçün çox işlər görmüş və hazırda da görməkdədir. O, Eminin şəhadəti ilə əlaqədar dövlət tərəfindən ona verilmiş birdəfəlik yardım pulunu öz kəndi, el-obası üçün sərf etmiş, el-oba üçün mərasim evi tikdirmişdir. Eyni zamanda kəndin qəbiristanlıq yolunun təmir olunmasına və içməli su sarıdan korluq çəkən həmkəndliləri üçün artezian quyusunun qazılmasına təşəbbüs göstərmişdir. Təsadüfi deyil ki, Gülşad ananın öz camaatı üçün gördüyü bu qiymətli işlər xalqın gözündən yayınmadı. Gülşad ana 2024-cü ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə 34 saylı Şahbuz şəhər seçki dairəsindən qatıldı və xalqın dəstəyi ilə seçkilərdə qalib gəldi. İndi o, şəhid ailələrinin və qədirbilən əhalinin dəstəyi ilə öz xoşməramlı fəaliyyətini davam etdirir. Gülşad ananın bütün bu xeyirxah işlərini, təşəbbüslərini gördükcə bir anlıq xan qızı Xurşidbanu Natəvan yada düşür. Hansı ki o da öz övladını itirmişdi, həyatında bir çox çətinliklərlə qarşılaşmışdı və xeyir əməlləri ilə özünün qalan ömrünü yalnız öz xalqına, camaatına həsr etmişdi. Gülşad anaya millət vəkili kimi fəaliyyətində uğurlar arzulayır, xalqına sərf etdiyi ömrünə Allahdan neçə-neçə illər əlavə etməsini, ömrünü bərəkətli etməsini diləyirəm.
Son olaraq insanların adları və taleləri mövzusuna bir də qayıdıram. “Emin” adı elə “Sadiq” adı ilə eyni məna daşıyır. Dürüst, sadiq və qorxusuz mənalarına gəlir. Şəhid leytenantımız Emin Sadiqov isə öz ömrünün mahiyyətini sırf bu məfhumlara bağladı: hər zaman dürüst oldu, inandığı və sevdiyi hər şeyə sadiq qaldı, həyatının heç bir anında, hətta qanlı-qadalı müharibə yollarında belə qorxunun ona təsir etməsinə aman vermədi. Bu qısa və şərəfli həyatın nəticəsində öz gözəl adının əvvəlinə dünyadakı bütün adlardan ən gözəli və ən şərəflisi olan “Şəhid” adını əlavə etdi. Bu ad bir çox adları da özü ilə birlikdə gətirir və bizə də o adlardan doğan böyük vəzifələr qoyur. Vətənə Emin kimi sadiq olmaq, Emin kimi qorxusuz, dürüst olmaq və bizim əmin-amanlıq içində yaşamağımız üçün 22 illik həyatından keçən Emini və onun kimi Eminləri unutmamaq!..
Var olsun Vətən!



SEVİNDİK NƏSİBOĞLU
/MAA-nın İqtisadiyyat və Hüquq fakültəsinin 1-ci kurs tələbəsi,
AJB və AYB üzvü/