Böyük Britaniya iqtisadiyyatının İran münaqişəsinin təsirləri fonunda resessiya həddinə yaxınlaşacağı və yüz minlərlə insanın işsiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Hafta.az “The Independent”ə istinadla xəbər verir ki, iqtisadi proqnozçuların açıqlamasına görə, ölkə iqtisadiyyatı bu ilin ikinci və üçüncü rüblərində demək olar ki, artım göstərməyəcək və ardıcıl iki rübdə ümumi daxili məhsulun azalması riski ilə üz-üzə qalacaq.
“Item Club” tərəfindən hazırlanan son hesabatda qeyd olunur ki, Böyük Britaniyada ümumi daxili məhsulun 2025-ci il üzrə artımı cəmi 0,7 faiz olacaq. Bu isə əvvəl proqnozlaşdırılan 1,4 faizlik artımla müqayisədə ciddi azalma deməkdir.
Hesabatda, həmçinin vurğulanır ki, əmək bazarı pandemiyadan bəri ən böyük zərbə ilə üzləşə bilər. Proqnozlara əsasən, işsizlik səviyyəsi 2027-ci ilin ortalarına qədər 5,8 faizə yüksələcək. Bu isə əlavə olaraq təxminən 250 min nəfərin işsiz qalması və ümumi iş axtaranların sayının 2 milyonu keçməsi deməkdir.