Növbəti tədris ili üçün birinci sinfə qəbulu tamamlanan uşaqların sayı açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, artıq 121 min nəfərdən çox uşaq birinci sinfə qəbul edilib:
“2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 121 min nəfərdən çox uşağın birinci sinfə qəbulu tamamlanıb”, - mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 6 may 2026-cı il tarixindən başlayıb.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Xatırladaq ki, MÜTDA-nın məlumatına görə, 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb seçiminə başlanıb. Azərbaycan bölməsi üzrə Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə məktəb seçimi iyulun 21-də saat 11:00-da, Bakı şəhəri üzrə isə həmin gün saat 15:00-da başlayıb.
Qeydiyyat prosesi 14 sentyabr saat 18:00-dək davam edəcək.