70 faiz öldürən virus yayılır -  PİŞİK QRİPİ

10:50 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın aparıcı virusoloqu və Sputnik V peyvəndini hazırlayan Qamaleya Tədqiqat İnstitutunun rəhbəri Aleksandr Gintsburq pişiklər arasında yayılan H5N1 quş qripinin insanlara keçə biləcəyi barədə xəbərdarlıq edib.

Hafta.az-ın yazdığına görə, Gintsburq təhlükənin ciddiliyinə diqqət çəkərək təcili peyvəndin hazırlanmasına ehtiyac olduğunu bildirib. "Peyvənd prototipi təkcə heyvanlar deyil, həm də insanlar arasında ötürülən bu ştam üçün Faza I və II klinik sınaqlardan keçməlidir" deyib.

Gamaleya İnstitutu dünyada ilk qeydə alınmış Covid-19 peyvəndi olan Sputnik V-ni hazırlayıb.

H5N1 mutasiyaya uğrayaraq havaya keçərsə, bu, çiçək xəstəliyindən daha pis böhrana səbəb ola bilər, Gintsburq deyib: "Ölüm nisbəti 50 faizdən 70 faizə qədərdir. Əgər o, hava-damcı yolu ilə keçərsə, çiçək xəstəliyi uşaq oyuncağı olacaq".

Gintsburq bildirib ki, Rusiyanın bu peyvəndi qısa zamanda istehsal edərək istifadəyə hazır prototip miqyasına keçməli və 3-4 həftə ərzində ictimaiyyətə təqdim edilməlidir.

Mayın əvvəlində Merilend Universitetinin tədqiqatçıları ev pişikləri arasında quş qripi hallarının artdığını aşkar ediblər. 20 illik məlumat əsasında aparılan araşdırmada 18 ölkədə 600-dən çox pişikdə infeksiya aşkar olunub və ölüm nisbətinin 50 faizi keçdiyi bildirilir.

"Ev pişikləri quş qripinə həssasdır və insanlara potensial ötürülmə yolunu təmsil edir" deyib tədqiqatçılar. Xüsusilə heyvanlarla yaxın təmasda olan insanların risk altında olduğu vurğulanıb.

Pişiklər adətən H5N1 virusuna yoluxmuş quşları, çiy quşçuluq məhsulları yemək və ya xəstə heyvanlardan pasterizə olunmamış süd içməklə yoluxurlar. Tədqiqat, açıq-aydın təmas tarixi olmayan ev pişiklərindəki halları aşkar edərək naməlum ötürmə yollarına diqqət çəkib.

Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, 2003-cü ildən bəri 24 ölkədə H5N1 virusuna 974 insan yoluxma halı təsdiqlənib, onlardan 470-i ölümlə nəticələnib. Əksər hallar yoluxmuş ev quşları ilə birbaşa və ya dolayı əlaqə nəticəsində baş verir. Virus hələ insanlar arasında davamlı şəkildə ötürülmə qabiliyyətini qazanmayıb, lakin səhiyyə orqanları yüksək ölüm nisbəti və pandemiya riski səbəbindən onun təkamülünü yaxından izləməyə davam edir.