Son 2 ildə Azərbaycanda inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Müstəqil ekspertlərin hesablamalarına görə, bu göstərici əhalinin adambaşına gəlirlərinin artım tempini, az qala, 5-6 dəfə üstələyib. Qeyd edək ki, Azərbaycanda qiymət artımı, inflyasiyanın rekord həddə çatdığını rəsmi qurumlar da etiraf edirlər. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, təkcə 2022-ci ilin sentyabrında ölkənin istehlak bazarında mal və xidmətlərin dəyəri aylıq ifadədə 3 faiz, oktyabrda isə 1,6 faiz artıb. Bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb. Cari ilin oktyabr ayında istehlak qiymətləri əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 faiz bahalaşıb.
O cümlədən 2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 21,0 faiz artım nümayiş etdirib. Bu zaman ərzaq məhsulları sentyabr ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin oktyabrı ilə müqayisədə 21,7 faiz bahalaşıb.
Komitə bəyan edir ki, cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 10,9 faiz artıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Əhaliyə göstərilmiş ödənişli xidmətlər isə əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 12,0 faiz bahalaşıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Hökümət isə Azərbaycanda inflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyaları indeksasiya etməyə hazırlaşır. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. “İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensiyalar indeksasiya ediləcək. Bu indeksasiya əhəmiyyətli dərəcədə maliyyə vəsaiti tələb edir”.
Bəs, görəsən, pensiyaların 15 faiz civarında indeksasiya edilməsi bahalaşmanı nə qədər kompensasiya edə biləcək?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, pensiyaların indeksasiyası orta aylıq əmək haqqının artım faizi ilə müəyyən edilir: “2022-ci ildə də orta aylıq əmək haqqı təqribən 15 faiz ətrafında olacaq. Amma son rəqəm gələn ilin ilk ayında Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdiriləcək. Bu vəsaitin yetərli olub-olmadığına gəlincə, 2022-ci ildə Azərbaycanda inflyasiya 13-14 faiz arasındadır. Ərzaq inflyasiyası isə 22 faiz təşkil edib. Nəzərə alsaq ki, pensiyaçıların xərclərinin strukturunda daha çox ərzaq, tibbi və kommunal xərclər əhəmiyyətli pay təşkil edir. Yəni, ərzaq xərcləri 22-23 faiz inflyasiyanı görəndə başa düşmək olur ki, bu artım təbii ki, pensiyaçıların xərc artımını layiqli şəkildə kompensasiya edə bilməyəcək. Amma bunun da alternativ yolu yoxdur. Hökümət belə bir qayda-qanun müəyyənləşdirib ki, indeksasiya inflyasiya ilə deyil, orta aylıq əmək haqqına artım faizinə uyğun edilsin. Bunun da obyektiv əsası var ki, işləyən insanların gəlirləri nə qədər artıbsa, pensiyaçıların gəliri də o qədər artsın”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov isə deyib ki, 2022-ci ildə inflyasiyanın artım tempini əks etdirən rəsmi rəqəmlərə baxsaq, bu rəqəmlərin orta aylıq əməkhaqqının artım tempindən aşağı olduğunu görərik: "Bu da o deməkdir ki, pensiyalar inflyasiyadan 1-2 faiz çox arta bilər. Rəsmi rəqəmlərə görə, inflyasiya 13 faizdir, orta əməkhaqqı isə rəsmi olaraq 14.1 faiz artdı. Amma reallıqda inflyasiyanın 30 faizdən artıq olduğunu güman edirik. Bu aspektdən məsələyə baxanda indeksləşdirmə pensiyaçıları yoxsullaşmadan qorumayacaq".
Ekspert hesab edir ki, ölkədə pensiya islahatı aparılmalı, pensiya təminatı sistemi yenidən işlənməlidir: “Pensiya təminatı sistemi təşviqedici deyil. 2017-ci ildə bu sistemə edilən dəyişikliklər kifayət qədər nöqsanlıdır. 2022-ci ildə ortaya çıxan vəziyyət də bu təzadı özündə göstərdi. Çünki dünyanın heç bir ölkəsində pensiyaların indeksləşdirilməsi orta əmək haqqının artım tempi ilə uzlaşdırılmır. Bu, Azərbaycanda da əvvələr tətbiq edildiyi kimi, istehlak qiymətlərinin indeksi ilə, yəni infliyasiya ilə uzlaşdırılır ki, qiymət artımı təzyiqini neytarallaşdıra bilsin. 2017-ci ildə “Pensiya sistemi haqqında” qanunda edilən dəyişikliklər belə qeyri-ciddi yanaşmanın ortaya çıxmasına gətirib çıxardı. Hesab edirəm ki, “Əmək pensiyası haqqında” qanunun yenidən işlənməli, hökumət pensiya təminatı sisteminin təkmilləşdirilməsi ilə bağlı daha etibarlı mövqe ortaya qoymalıdır. Burada həm indeksləşdirmə, həm yaş həddinin aşağı çəkilməsi nəzərə alınmalıdır. Eyni zamanda 1 milyon 700 minə yaxın kənd təsərrüfatı sahəsində məşğul olanların pensiya təminatı ilə bağlı mexanizmlər təkmilləşdirilməlidir. Daha etibarlı və davamlı bir sistem formalaşdırlmalıdır”.